Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığı genişləndirib
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan yuxarıda qeyd etdiyimiz sənədin imzalanması ölkələrimiz, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün əhəmiyyəti danılmazdır. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Bu sahələrdən biri də humanitar sahədir. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Bildiyimiz kimi, Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. “Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk” deyən Prezident bildirib ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır: “Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik”. Qeyd edək ki, 2022-ci il “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi, “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının göndərilməsi və digər mühüm hadisələr iqtisadi münasibətlərin inkişafında öz sözünü deyir. Bu gün ölkəmizdə Rusiya kapitallı yüzlərlə şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub. Cənubi Qafqaz regionunda yeni reallıqlar regiondakı bütün ölkələr arasında, o cümlədən Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığı genişləndirib. Müasir dünyada Azərbaycan region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin fəal tərəfdarıdır.
Mətanət Cəfərova,
YAP-ın fəalı