AnalitikaGündəmSiyasət

Azərbaycan və Özbəkistan Türk dünyasında yeni əməkdaşlıq imkanları yaradır

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmamasıdır. Dövlət başçısının fikirlərindən aydın olur ki, iki ölkəni birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər müttəfiqlik münasibətlərinin ən möhkəm dayaqlarından biridir və bu bağlar Türk dünyasının daha sıx inteqrasiyasına da mühüm töhfə verir.

Son illərdə mədəni-humanitar əməkdaşlığın genişlənməsi xalqlar arasındakı əlaqələrə yeni məzmun qazandırıb. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, incəsənət festivalları, elmi konfranslar, ədəbi və təhsil layihələri iki ölkə arasında humanitar əlaqələrin davamlı inkişafını təmin edir. Şuşa və Xivə şəhərlərində keçirilən tədbirlər isə Azərbaycanın və Özbəkistanın mədəni irsinin qarşılıqlı şəkildə təbliğinə xidmət edən mühüm nümunələrdir.

Humanitar əlaqələrin simvolik və uzunmüddətli nəticələrindən biri Bakıda “Özbəkistan” parkının yaradılmasıdır. Eyni zamanda, Özbəkistanın ən qədim ali təhsil müəssisələrindən birinin Nizami Gəncəvinin adını daşıması xalqların bir-birinin tarixi və mədəni irsinə verdiyi dəyərin göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. Bu cür təşəbbüslər dövlətlərarası münasibətlərin ictimai və mənəvi əsaslarını daha da möhkəmləndirir.

Təhsil sahəsində əməkdaşlıq da qardaşlığın praktik ifadələrindən biri kimi çıxış edir. Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı olaraq hər iki ölkədə təhsil alması gənc nəsillər arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb isə işğaldan azad edilmiş ərazilərin bərpasına verilən dəstəyin və Azərbaycan-Özbəkistan qardaşlığının ən parlaq nümunələrindən biridir.

Media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın genişlənməsi də münasibətlərə yeni institusional məzmun qazandırır. Qarşılıqlı media forumlarının keçirilməsi, QHT əməkdaşlıq forumları və ilk dəfə iki ölkə tərəfindən birgə qrant müsabiqəsinin elan olunması əlaqələrin artıq dövlət qurumları ilə məhdudlaşmadığını, ictimai institutlar arasında da birbaşa əməkdaşlığın genişləndiyini göstərir.

Xalqlar arasında əlaqələrin möhkəmlənməsində turizm və regionlararası əməkdaşlıq da mühüm rol oynayır. Özbəkistandan Azərbaycana turist səfərlərinin artması qarşılıqlı marağın yüksəldiyini göstərir. Bakı ilə Daşkənd, Şuşa ilə Xivə, Füzuli ilə Gülüstan və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması isə dövlətlərarası əməkdaşlığın regionlara və yerli ictimaiyyətə qədər genişləndirildiyini nümayiş etdirir. Naxçıvan və Ürgənc arasında da belə münasibətlərin yaradılmasının planlaşdırılması bu təşəbbüsün davamlı xarakter daşıdığını göstərir.

Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Azərbaycan və Özbəkistan TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi, mədəni və mənəvi irsi gələcək nəsillərə daşıyan mühüm birlik kimi qiymətləndirirlər. Bu baxış Türk dünyasının siyasi, iqtisadi və humanitar baxımdan daha sıx inteqrasiyasına xidmət edir.

Azərbaycan və Özbəkistanın TDT çərçivəsində nəqliyyat, logistika, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa verdiyi töhfə təşkilatın praktiki imkanlarını da genişləndirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP layihələri ilə inteqrasiyası gələcəkdə Avrasiya məkanında yeni nəqliyyat və tranzit imkanları yarada bilər. Bu isə Azərbaycan və Özbəkistanı bir-birindən uzaq coğrafi məkanlar kimi deyil, vahid nəqliyyat və iqtisadi zəncirin təbii tərəfdaşları kimi daha da yaxınlaşdırır.

Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü olması da Türk dünyasında ortaq irsin qorunması və təşviqi baxımından yeni imkanlar açır. Zəngin dövlətçilik və mədəniyyət ənənələrinə malik iki ölkənin bu istiqamətdə birgə fəaliyyəti ortaq türk irsinin sistemli şəkildə gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı bu münasibətlərin yeni siyasi mərhələyə qədəm qoyduğunu göstərir. Beləliklə, əvvəllər “C5” kimi tanınan əməkdaşlıq formatı Azərbaycanın qoşulması ilə faktiki olaraq daha geniş regional məzmun qazanıb.
Azərbaycanın bu prosesdə iştirakı ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və kommunikasiya imkanlarının artırılması, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafı artıq daha geniş regional gündəliyin tərkib hissəsinə çevrilir.

Bu baxımdan Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ikitərəfli əməkdaşlıq sərhədlərini aşaraq daha böyük regional proseslərə təsir göstərən strateji tərəfdaşlıq modeli formalaşdırır. Hər iki ölkənin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər çoxtərəfli platformalarda bir-birini dəstəkləməsi ortaq mövqelərin və qarşılıqlı etimadın daha da gücləndiyini göstərir.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas mesajlardan biri Azərbaycan və Özbəkistan qardaşlığının gələcəyə yönəlmiş strateji məzmun daşımasıdır. Ortaq mədəni və mənəvi irs bu münasibətlərin tarixi bünövrəsini təşkil etdiyi halda, nəqliyyat, enerji, iqtisadiyyat, humanitar əlaqələr və Türk dünyası çərçivəsində əməkdaşlıq həmin birliyin gələcək istiqamətlərini müəyyənləşdirir. Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti yalnız iki ölkənin maraqlarına deyil, daha geniş Avrasiya məkanında qarşılıqlı etimadın, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm strateji amilə çevrilir.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button