Azərbaycan və NATO əməkdaşlıqı
Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub. Bu şərti bloka aid üzv dövlətlər və onların yaratdıqları qurumlarla əlaqə saxlayıb, əməkdaşlıq edib.
Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Azərbaycan Respublikası artıq əldə olunmuş nəticələr əsasında NATO ilə siyasi və hərbi əməkdaşlığı keyfiyyətcə yeni səviyyədə qaldırmaq, habelə yeni yaradılmış Avro-Atlantika Tərəfdaşlıq Şurasının və NATO-nun genişləndirilmiş «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində əməkdaşlıq üçün yaradılmış yeni mexanizmlər və imkanlardan fəal istifadə etmək niyyətindədir. Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir. Mexanizmlərdən faydalanaraq , strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədris prosesində müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir. Azərbaycanın NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevrilməsinə zəmin yaratmışdır. Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir.
Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı Azərbaycana NATO üzv və bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil edilən kurs, təlim və konfranslarda iştirakdan yararlanmağa şərait yaradır.
NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.
Mətanət Cəfərova,
YAP-ın fəalı