Azərbaycan və Misir Ərəb Respublikasının dövlət başçılarının qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafına daha da təkan verəcək
Son illərdə Azərbaycan və Misir arasındakı münasibətlərdə müxtəlif sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edilib. İki ölkə arasında qarşılıqlı səfərlər, ticarət və investisiya əlaqələri, eləcə də mədəniyyət və təhsil sahələrində əməkdaşlıq daha da genişlənməkdədir.
Azərbaycan-Misir münasibətləri qədim tarixi köklərə malikdir. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
İyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qahirədə rəsmi səfərdə olub. Səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam edəcək. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”.
Qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, müzakirələr zamanı Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi. Eyni zamanda iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Prezidentin Misirə səfəri həm ikitərəfli əlaqələrin inkişafına, həm də bütövlükdə Ərəb dünyası ilə münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcək.
İki ölkə arasında strateji münasibətlərin istiqamətlərinin müəyyənləşdirildiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında dostluq və müttəfiqlik dönməz xarakter alacaq. Azərbaycan-Misir münasibətləri bütün müsəlman ölkələri üçün müsbət örnək rolunu oynaya bilər.
Əliyeva Tünzalə,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.