Analitika

Azərbaycan və Misir arasında əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır

Prezident İlham Əliyevin iyunun 8-də Misirə rəsmi səfəri tarixi hesab edilə bilər. Çünki bu, həm də Cənubi Qafqazın aparıcı ölkəsinin rəhbərinin ərəb dünyasında aparıcı, ciddi söz sahibliyinə malik ölkələrindən birinə edilən ziyarət idi. Eyni zamanda mərhum prezident Heydər Əliyevin Misir səfərindən sonra saatların ilk dəfə ən yüksək səviyyədə tutuşdurulması idi.

Nəticə hər iki tərəf üçün olduqca pozitiv sayıla bilər. Söhbət təkcə səfər zamanı imzalanmış 7 sənədlə ikitərəfli əlaqələrin inkişafına veriləcək təkandan getmir. Bu öz yerində. İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi kimi, ümumiyyətlə, Azərbaycan və Misirin beynəlxalq məsələlərdə, o sırada Fələstin məsələsində mövqeləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq mövcuddur. Habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.

İlham Əliyevin Misir səfəri həm də bu reallıqların təsbiti və nümayişi baxımından önəm daşıyır. Yəni İrəvan ərəb-müsəlman dünyasına yalnız Şimal-Cənub, Şərq-Qərb yollarının əsas logistik həlqəsi olan müsəlman Azərbaycan və Türkiyə üzərindən çıxa, məhz Azərbaycan və Türkiyə hesabına orada özünə tərəfdaş tapa bilər. Öncə iki ölkə ilə sülh müqavilələri imzalamaq, əsassız torpaq iddialarından əl çəkmək. Səfərdən dolayı Ermənistana verilən əsas mesaj da budur. Ziyarət sözsüz ki, Azərbaycanın ərəb dünyası ilə bağlarını möhkəmlətməklə yanaşı, həssas bölgəmizdə ölkəmizin mövqeyini daha da gücləndirəcək. Bəs ümumən Bakının ərəb ölkələri ilə münasibətlərinə hansı təsirlər gözlənilir? Azərbaycanın İslam dünyasına yönəlik diplomatik fəallığı sülh müqaviləsindən yayınmağa çalışan kapitulyant ölkəyə nə vəd edir? Yada salaq ki, ötən ilin yanvarında da Misir lideri Əbdülfəttah əs-Sisi Bakıya gəlmişdi.

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim”. Bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir prezidenti deyib: “Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

“Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki bizi qane etmir”. Bu sözləri isə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib. “Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə əminəm ki, yaxşı nəticələr əldə etmək mümkün olacaq”.

Ölkəmiz həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır”.

Murad Zeynalov,
YAP Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button