AnalitikaGündəmSiyasət

Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir

Son illərdə Azərbaycanın regional və beynəlxalq aləmdə artan rolu ölkənin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin nəticəsidir. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə çevik və balanslı siyasət aparmaqla beynəlxalq münasibətlər sistemində böyük nüfuza malikdir. Bu siyasətin bariz nümunələrindən biri Prezident cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri oldu.

Səfər zamanı Macarıstanla əlaqələrin xüsusilə enerji sahəsində strateji əhəmiyyət daşıdığı vurğulandı. Prezident Əliyev və Baş nazir Viktor Orbanın Budapeştdə verdiyi bəyanatlar qarşılıqlı etimad və əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Azərbaycan Prezidentinin çıxışı, ölkələr arasında ortaq tarixi-mədəni köklərə və bənzər geosiyasi vəziyyətlərə toxunaraq, Macarıstanın müstəqil siyasətinə verdiyi dəstəklə diqqət çəkdi. Dövlət başçımız Orban hökumətini Avropa İttifaqı daxilində öz milli maraqlarını qoruyan nadir liderlərdən biri kimi dəyərləndirdi. Viktor Orban isə öz növbəsində Azərbaycanı Macarıstanın etibarlı tərəfdaşı adlandıraraq enerji və diplomatiya sahələrində davamlı əməkdaşlığın əhəmiyyətini önə çəkdi. O, Azərbaycanın Macarıstanın qaz təchizatındakı sabit rolunu yüksək qiymətləndirdi və gələcək layihələrə açıq olduqlarını bildirdi.

Türk Dövlətləri Təşkilatının Budapeştdəki Zirvə görüşü Səfər çərçivəsində keçirilən ən yadda qalan görüşlərdən oldu. Burada Macarıstanın türk dünyası ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirildi. Zirvə zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın regionda artan rolunu və çoxşaxəli xarici siyasətini əks etdirən məzmunlu çıxış etdi. O, Azərbaycanın TDT çərçivəsində təşəbbüskar mövqeyini, iqtisadi və infrastruktur layihələrini vurğuladı.

Bu gün Azərbaycan ilə Macarıstan arasında ali səviyyədə siyasi dialoq mövcuddur, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Azərbaycan ilə Macarıstan iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərərək təkcə siyasi və diplomatik sahələrlə məhdudlaşmır, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, mədəniyyət və təhlükəsizlik sahələrində də dərinləşmiş və çoxşaxəli əməkdaşlıq şəklində davam edir. İki ölkə arasındakı münasibətlər qarşılıqlı etimad və hörmətə əsaslanır, bu da onları uzunmüddətli və sabit tərəfdaşlığa çevirir.

Siyasi sahədə əməkdaşlıq ölkə rəhbərləri səviyyəsində mütəmadi dialoq, yüksək səviyyəli səfərlər və strateji sənədlərin imzalanması ilə müşayiət olunur. Bu görüşlər zamanı qəbul olunan qərarlar yalnız ikitərəfli münasibətləri deyil, eyni zamanda regional və beynəlxalq təhlükəsizliyi və sabitliyi də dəstəkləyir. İki ölkənin parlamentləri arasında da sıx təmaslar qurulub, müxtəlif komitələr səviyyəsində qanunvericilik təcrübəsinin mübadiləsi həyata keçirilir. İqtisadi əməkdaşlıq münasibətlərimizin əsas sütunlarından biridir. Qarşılıqlı sərmayələr, ticarət dövriyyəsinin artımı, birgə biznes forumların keçirilməsi və sənaye layihələrinin icrası bu sahədəki əlaqələrin inkişafını stimullaşdırır. Xüsusilə enerji sektorunda birgə layihələr və nəqliyyat dəhlizlərinin yaradılması regional inteqrasiyaya və enerji təhlükəsizliyinə mühüm töhfə verir. Enerji resurslarının birgə istifadəsi və nəqli, həm də üçüncü ölkələrə ixracı strateji əhəmiyyət daşıyır.

Azərbaycan ilə Macarıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri uzunmüddətli perspektivlərə malikdir. Bu əməkdaşlıq xalqlarımızın rifahı, regional inkişaf və qlobal sabitlik üçün etibarlı zəmin yaradır. Gələcəkdə də bu münasibətlərin daha da dərinləşəcəyi və yeni sahələr üzrə inkişaf edəcəyi şübhə doğurmur. Prezident cənab İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət etdi və Azərbaycanın regional siyasətdəki lider mövqeyini bir daha təsdiqlədi.

Vəliyeva Şükufə,
Xəzər rayonunun gənc fəalı

Oxşar Xəbərlər

Back to top button