Analitika

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır.Onu da qeyd edək ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında Ulu Öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Artıq həmin istiqamətdə də Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir, öz müsbət bəhrələrini verir. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də bu reallığı bir daha təsdiqləməkdədirSəfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Həmçinin, əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb.

Həmin nüasnların təhlilinə qədər isə növbəti tarixi aspektləri də xatırlamaq olar. Belə ki, Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır. Daha dəqiq desək, bu əlaqələrdə soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən illər ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakı təmin edilir.

Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib. Hələ 5 il əvvəl – Birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilən 14-cü iclasında imzalanan müvafiq “Yol xəritəsi”nin icrası yüksək səviyyədə reallaşdırılıb. Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəlib. Bu xüsusda biz Nur–Sultan şəhərində Azərbaycan Ticarət evinin də fəaliyyətini vurğulaya bilərik. Məhz bunun sayəsində Azərbaycandan Qazaxıstana daha çox məhsul ixracına imkanlar yaranır. O cümlədən, həm energetika, həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına mühüm töhfələrini verməkdədir.Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir.

Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

Prezidenti İlham Əliyev çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir. Ən əsas məqamlardan biri də Türk Şurasında olan əməkdaşlıq faktorudur. Qazaxıstanın da bu qurumda təməlli təmsilçiliyi digər türkdilli ölkələrlə əməkdaşlıq və strateji tərəfdaşlıq missiyasına öz töhfələrini verməkdədir.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-JomartTokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

Hüseynova Mehriban,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button