
Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bütün bu məqamlara xüsusi diqqət yönəldildi, əlaqələrimizin gələcək inkişafına yönələn prioritetlər müəyyənləşdirildi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır.
Prezident İlham Əliyev Məşvərət görüşündəki çıxışında keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olduğunu xatırladaraq onu da bildirdi ki, bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm: “Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk. Dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra bölgədə tamamilə yeni reallıq yaratdı. Bölgədə və dünyada mövqeyini möhkəmləndirən ölkəmizin regionda dayanıqlı sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atdığı addımlar təqdir edilir.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. İki ölkənin münasibətləri son illərdə daha da inkişaf edir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir. Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir. Bu yeni mərhələnin perspektivləri Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə diqqət mərkəzində oldu. Görüşdə siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin və enerji əməkdaşlığının genişləndirilməsi, dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı, ətraf mühitin və su ehtiyatlarının qorunması, eləcə də mədəniyyət, təhsil, elm və gənclər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi.
Bəxtiyar Ələkbərov,
Salyan-Şirvan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri



