Analitika

Azərbaycan-Türkiyə əlaqələrinin ayrı-ayrı sahələr üzrə inkişafı, atılan addımların davamlılığı münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır

“Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin seçildikdən sonra ilk xarici səfərini qardaş Türkiyəyə etməsi iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda ümumilikdə türk dünyasının birliyi özünün aydın mənzərəsini yaradır. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi Zəfərimizdən sonra əlaqələrimizin inkişafında yeni mərhələnin başlanması inkaredilməzdir. Dostluğumuzun, qardaşlığımızın, müttəfiqliyimizin rəsmiləşdirilməsi, Şuşa Bəyannaməsinin imzalanması gələcək inkişaf üçün yol xəritəsi oldu. Eyni zamanda, Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrimizin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ölkələrimizin ticarət dövriyyəsi sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il ölkəmizdən Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

“Cənab İlham Əliyevin vurğuladığı kimi, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində dünya Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin şahidinə çevrildi. Rəcəb Tayyib Ərdoğan bu dəstəyi sonadək davam etdirdi. Azərbaycanın tarixi Zəfəri Ordumuzun gücünü göstərdi. Bu günümüzün reallıqlarından biri budur ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, ötən il Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri bir daha onu göstərdi ki, Ordumuz  Türkiyə modeli əsasında inkişaf edir. Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, bu gün müdafiə sənayesi sahəsində də yeni imkanlar yaranıb.  Birgə istehsal ilə əlaqədar konkret planlar var.

Onun sözlərinə görə, möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Azərbaycan-Türkiyə əlaqələrinin ayrı-ayrı sahələr üzrə inkişafı, atılan addımların davamlılığı münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı öz növbəsində böyük ailə olan türk dünyasının birliyinə öz müsbət təsirini göstərir.

Oxşar Xəbərlər

Back to top button