Azərbaycan türk dünyasının nüfuzunun qalxmasında həmişə layiqli töhfələr verir

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar olunması, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarət olmuşdur. Qeyd etmək lazımdır ki, Türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviqi kimi məsələlər də TDƏŞ-in fəaliyyətində əsas vəzifə olaraq müəyyən edilmişdir.
Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı danışarkən vurğuladı ki, mövcud potensialı dünya miqyasında böyük bir gücə çevirmək bizim vəzifəmizdir. Ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün nəqliyyat və iqlim mövzularına həsr olacağını diqqətə çatdırdı.
Prezident İlham Əliyev TÜRKPA nümayəndə heyəti ilə görüşündə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikirlər Türk birliyinin möhkəmlənməsinə və genişlənməsinə xidmət edir: “Təkcə Şimali Kipr Türk Respublikası deyil, müstəqil dövləti olmayan türk xalqları da gələcəkdə Türk birliyinin üzvü olacaq.
Məhz Azərbaycan türk dünyasının nüfuzunun qalxmasında həmişə layiqli töhfələr verir. TÜRKPA-nın Bakıda keçirilən iclası, türk dövlətləri başçılarının Şuşada gözlənilən görüşü bu dövlətlər arasında əlaqələrin daha da inkişafına xidmət edəcək.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.