Analitika

Azərbaycan torpaqlarında ermənilərin təbii sərvətlərimizi qanunsuz istismar etməsinə “sülhməramlı” kontingent şərait yaratmamalıdır

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Təcavüzkar ölkə 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da belə çirkin əməllərindən əl çəkmir. 

Təbii ki, ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra  ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb. Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Çayın çirkliliyi onun biomüxtəlifliyinin məhvinə də gətirib çıxarır. Bunun nəticəsidir ki, müxtəlif vaxtlarda çayda balıqların kütləvi ölümünə də rast gəlinir. Təbii ki, çirklənmə yalnız Oxçuçayda deyil. İşğaldan azad olunmuş ərazilərin hər qarışında ekoloji terrorun izləri görünür.

Qeyd etmək istərdim ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir. Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu bizim vətəndaşlarımızın tələbidir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button