Azərbaycan tezliklə vəziyyətin normallaşmasının tərəfdarıdır
Prezident İlham Əliyev bir neçə gün əvvəl fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışında, keçirdiyi görüşlərdə və televiziya kanallarına verdiyi müsahibələrdə bir sıra mühüm məsələlərə aydınlıq gətirib.Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak edirdilər. Tarixdə ilk dəfə Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşüblər. Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib və bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər yaranıb. Lakin Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirəyə hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Hər kimsə iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaq. Sülh danışıqları bəzən çox uzanır. 28 il boyunca sülh danışıqları aparılıb. Təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Bu bizim qanuni haqqımızdır. Bu haqqı bizə BMT Nizamnaməsinin 51-ci maddəsi verir!Qarabağda yaşayan ermənilər barədə mövzuya gəldikdə cənab prezident bildirib ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox!Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır.Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar! İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq .Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir. Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.
Aynur Həsənova,
YAP-ın gənc fəalı