Azərbaycan-Tacikistan münasibətləri
Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər son dövrlər ölkə başçılarının siyasi iradəsi ilə daha da genişlənib. Qlobal iqtisadi-siyasi proseslər yaxın tarixi keçmişi olan ölkələrdən daha sıx əməkdaşlıq tələb edir. Azərbaycanın xarici siyasətində bu amil özünü daha qabarıq göstərir. Son 2-3 il ərzində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizin strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini səciyyələndirir. Azərbaycan-Tacikistan münasibətlərinin strateji səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. O bildirib ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il Azərbaycan Prezidenti dost ölkəyə iki dəfə səfər edib.
Dövlətimizin başçısının 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri və sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak etməsi münasibətlərimizdəki bağların qırılmazlığının əyani sübutudur. Bundan başqa, Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq: “Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onun ömrü o qədər də uzun ola bilməz. Bu mənada Azərbaycan-Tacikistan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır.
Rüstəmov Bəhruz,
YAP- ın fəalı