Azərbaycan-Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır
Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti sayəsində, eləcə də 44-günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın nüfuzu daha da artmış, etibarlı tərəfdaşa çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, bununla da əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artıb. Azərbaycanın çox şaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Əlaqələrimizin getdikcə inkişaf etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.
Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlərin yaranması 1992-ci il mayın 29-da təsadüf etmişdir. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti səfəri baş tutmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Tacikistan dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdən və sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış ediblər. Səfər çərçivəsində münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb.
Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri zamanı “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə yanaşı daha 13 sənəd imzalanmışdır. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.