Qəhrəman Azərbaycan xalqı İkinci Qarabağ və antiterror əməliyyatı nəticəsində suverenliyimizi tam bərpa etdi. Xalqımız güclü iradə göstərərək 30 ilin işğalına son qoydu. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Azərbaycanın tarixində ilk dəfə olaraq, prezident və parlament seçkiləri müstəqil ölkəmizin bütün ərazisində keçirilmişdir.
Bu dünya miqyasında tarixi hadisədir. Son illərdə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. Bütün bu nailiyyətlərimizi gözü götürməyənlər hələdə var. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Dövlətimizin qarşısında duran mühüm vəzifələrdən ən əsası hərbi gücümüzün artırılmasıdır. Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq düşmənlərimizin əsas amalıdır.
Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.
Yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Bizim quru sərhədlərimiz hələ də bağlıdır. Bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır. Daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır.
Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Gənc nəslin milli ruhda böyüməsi Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Bizim mədəni tarixi abidələrimiz bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulmuşdur.
Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.
Nərminə Məmmədova,
Xəzər rayonu, 234 nömrəli məktəbin əməkdaşı