Analitika

Azərbaycan-Slovakiya münasibətləri yüksək səviyyədədir

Slovakiya şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəd olan Mərkəzi Avropa dövlətidir. İkinci Dünya Müharibəsi zamanı Slovakiya Üçüncü Reyxdən asılı bir dövlət oldu. 1945-ci ildə yenidən Çexoslovakiyanın tərkibinə daxil oldu. 1993-cü il yanvarın 1-də ölkə sülh yolu ilə Çexiya və Slovakiyaya parçalandı və Slovakiya müstəqil dövlət statusu aldı. Azərbaycan Respublikası ilə Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Bu günədək Slovakiya və Azərbaycan respublikaları arasında siyasi əlaqələrin inkişafı istiqamətində müxtəlif səviyyələrdə, o cümlədən dövlət başçıları səviyyəsində bir sıra qarşılıqlı işgüzar görüşləri olub. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir.  Slovakiya ilə işgüzar görüşlər zamanı Azərbyacan tərəfi həmişə Ermənistanın Azərbaycanı işğal etməsi məsələsini diqqətə çatdırmışdır. Hələ, 2000-ci ildə Ümummilli Lider Heydər Əliyev Slovakiya nümayəndə heyətinə Ermənistanın münaqişənin təşəbbüsçüsü olduğunu bildirmişdi: “Müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox böyük sosial-iqtisadi çətinliklər yaşayırlar”. Həmin səfər zamanı bir sıra sahələrdə əməkdaşlıq haqqında sazişlər – Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş, hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolun imzalandı. 2004-cü il martın 19-da Prezident İlham Əliyev Bratislavada keçirilmiş “Daha geniş Avropaya doğru: yeni gündəlik” mövzusunda beynəlxalq konfransda Avropa dövlətlərinin diqqətinə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini çatdırmışdır:  “Çox təəssüf ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ də heç bir nəticə vermir. Ona görə də Avropa Birliyi və Avropa Şurası münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini gücləndirməlidir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması Avropanın da mənafelərinə uyğundur”. 28 aprel 2008-ci ildə Sloavkiya nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri zamanı Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş bildirmişdi ki, “münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyi prinsipindən çıxış edir”. 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya işgüzar səfəri hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafına töhfə verdi. Eyni zamanda bizim Qarabağı işğaldan azad etməyimiz də Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı, iqtisadi sahədə əməkdaşlıq meyllərini artırdı. İşğaldan azad olmuş torpaqlarımızda bərpa işlərində iştirak etmək bir çox dövlətlərlə yanaşı,  Slovakiyanın da siyasi və iqtisadi maraq dairələrindədir. Slovakiya Respublikası Hökumətinin Mətbuat və İnformasiya Departamentinin məlumatında da Azərbaycanla “iqtisadi əməkdaşlığı vurğulamaqla ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərinin müzakirə” ediləcəyi, “görüşün mövzusunun Azərbaycan qazının Slovakiya Respublikasına idxalı imkanları olacağı”, “Slovakiya Respublikası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə” və  “Slovakiya və Azərbaycanın müdafiə nazirləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaqları” bildirilirdi. Prezident İlham Əliyev də mətbuata Bəyanatında Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmasının hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini bilmirmişdir: “Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”. Mayın 7-də hər iki ölkə arasında iqtisadi əməkdaşlıqla bərabər müdafiə və müdafiə sənayesi sahələrində əməkdaaşlıq sazişi bağlandı. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının da  Slovakiya şirkəti tərəfindən icra edilməsi qərara alındı. Ali Baş Komandan İlham Əliyev brifində birldirdi ki, “bu… böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir”. Ali Baş Komandanın xüsusi vurğuladığı kimi, bir çox xarici dövlətlərin, xüsusilə də Avropa dövlətlərinin işğaldan azad olunmuş torpaqlarımızda şəhərlərin, kəndlərin bərpasında və yenidən inşasında iştrak etmək istəməsi dövlətimizin böyük siyasi qələbələrindən biridir.  Slovakiyanın Baş naziri Robert Fitsonun bəyanatında da Azərbaycanın öz suveren ərazisini bərpa etməyini Slovakiya hökumətinin dəstəklədiyini bildirmişdi: “Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz… Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz… Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər”.  Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya işgüzar səfəri bir daha sübut edir ki, Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir.

Şəhla Nuruzadə,
Bakı Slavyan Universiteti, Beynəlxalq münasibətlər kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Oxşar Xəbərlər

Back to top button