Azərbaycan Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin 2001-ci ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə Rusiyaya dövlət səfəri bu gün birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin əlaqələrinin inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun, müttəfiqliyin möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın və şəxsən Prezident V.Putinin vasitəçilik səylərini yüksək qiymətləndirir. Bu gün Moskvanın siyasi dairələri Azərbaycanın geostrateji rolunu dəqiq dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Rusiya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının təchizatının artırılması, bu sahədə birgə müəssisələrin təsis olunması tərəflər arasında aparılan müzakirələrin əsas mövzularındandır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına sərbəst çıxarılması, eləcə də bu məhsulların həmin bazarlarda saxlanılması və reallaşması üçün Rusiya tərəfindən müvafiq imkanlar yaradılır. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır”.
Rzayeva Səba,
YAP-ın gənc fəalı