Analitika

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Rusiyaya işgüzar səfəri çərçivəsində sovet İttifaqında ən nəhəng tikintilərdən biri – Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir. Rusiya rəsmiləri Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar. Onlar bu magistralın tikintisi ilə bağlı verilən qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşındığını bildirirlər.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button