Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir

Noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününü ən yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə əzəmətli paradın keçirilməsi oldu.
Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Vətənin keşiyində ayıq-sayıq və məğrur dayanan oğulların şücaətini 44 günlük Vətən müharibəsində hər kəs gördü. Bu, uşaqkən nağıllarda oxuduğumuz, öyrəndiyimiz qəhrəmanlar deyildi. Hələ illərlə bəhs edəcəyimiz, şəninə nəğmələr qoşacağımız, hekayələr, dastanlar yazacağımız qəhrəmanlar. Öz canları bahasına irəli gedən, ölümün gözünə dik baxan oğullar. Müharibə meydanında “Vətən yaxşıdır” mahnısını oxuyan, yüksək döyüş qabiliyyəti nümayiş etdirən və dillərdə dastan olan oğullar.
Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Əsgəri irəli aparan bu güc idisə, digər tərəfdən də xalqın iradəsi və əzmi idi. Xalq-ordu birliyi qələbənin təmin edilməsində mühüm rol oynadı. Ali Baş Komandanın qətiyyətli mövqeyi müharibəni zəfərlə başa vurmağımıza əsas oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib, izləri silmək üçün bütün tikililər dağıdılıb. Ermənilər unutdular ki, tarixi faktları, həqiqətləri silmək qeyri-mümkündür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim tarixin yaddaşına söykənərək ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soqırımı siyasəti həyata keçirdiklərini dünyaya çatdırır. Bu gün danışan, qalib olan yalanlar deyil, tarixi faktlardır. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi