Analitika

Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlıqda uğurlu siyasəti dostluğa və əmin-amanlığa söykənir

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Dövlət müstəqilliyinin bərpasından sonra keçən bu illər ərzində daim regionda və dünyada siyasi-iqtisadi, eləcə də mədəni sahələrdə münasibətlərimiz inkişaf etməkdədir. Azərbaycanın apardığı uğurlu diplomatik siyasət daim özünü doğrultmuşdur. Bu gün də dövlətimiz bütün tərəfdaşları ilə güvənli tərəf kimi münasibətləri yüksək səviyyədə saxlamaqdadır.

Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Azərbaycan tərəfi daim bu məsələdə həssaslıq göstərir. Ölkəmizin ərazi bütövlüyü çərçivəsində biz danışıqlarda öz mövqeyimizi irəli sürərək qarşı tərəfə – Ermənistana heç bir ərazi iddiasının olmadığını qeyd etmişik. Bu mənada, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə öz fikirlərini aydın şəkildə ifadə etmişdir. Əgər bu məsələdə kimsə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürsə, əlbəttə ki, yanılır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu artım dinamikası onu göstərir ki, Azərbaycan iqtisadi əməkdaşlıqda çox yaxşı tərəfdir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Təbii ki, bunun ölkə iqtisadiyyatında hissolunacaq irəliləyişə səbəb olacağı reallığa çevriləcək.

Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Tezliklə bu istiqamətdə aparılan danışıqlar nəticə verəcək.

Strateji əhəmiyyət daşıyan logistik layihələr bu gün uğurla həyata keçirilməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Burada ölkəmizin maraqları milli mövqeyə əsaslanır.

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi bu gün gündəmdə olan mühüm məsələdir. Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Bu son illər həmin sahədə olan ən əhəmiyyətli bir irəliləyişdir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. İktisadi dirçəlişdə bunun önəmi çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. İqtisadi gücün artması həm də müdafiə sahəsində gücün artmasına geniş imkan yaradır.

Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycanın bu hərəkatda olması dövlətimizin beynəlxalq səviyyədə mövqeyinin nə qədər müsbət olmasının ifadə formasından biridir.

Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Bu isə sosial sahədə rifahın yaxşı olmasına gətirib çıxarır.Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.

Son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb.

Cənab prezidentin qeyd etdiyi kimi Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.

Ermənistan baş nazirinin gülüş doğuran fikirlərinə münasibət bildirən möhtərəm prezidentimiz İlham Əliyev bildirmişdir ki, “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.

Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Burada, sadəcə olaraq, iradə göstərmək lazımdır. Qərəzli ərazi iddiaları heç bir nəticə verə bilməz. Beynəlxalq hüququn prinsip və tələblərinə uyğun münasibətlərin tənzimlənməsi ən yaxşı çıxış yoludur. Azərbaycan tərəfi daim buna hazırdır.

Laçın-Xankəndi yolu açıqdır. Ümumiyyətlə qeyd edək ki, yol məsələsi çox vacib strateji məsələdir. Bunu düzgün anlamaq, bu sahədə çox diqqətli olmaq lazımdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Bu da onu göstərir ki, dövlət olaraq Azərbaycan tərəfi münasibətləri dinc şəraitdə qurmağın tərəfdarıdır. Burada heç bir gərginlikdən söhbət gedə bilməz.

Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir. Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir.

Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib. Bu da Azərbaycana qarşı olan hörmət və ehtiramın göstəricisidir. Rusiya dairələrində bu sağlam münasibətin qurulması uğurlu siyasi strategiyanın təzahürüdür.

Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir. Bəli, Rusiya Azərbaycana strateji bir müttəfiq kimi baxır və eyni zamanda dostluq əlaqələrinin genişlənməsində maraqlı tərəf kimi mühüm rol oynayır.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır. Daim tərəflərin yaxınlaşmasında vasitəçi qismində öz töhfələrini verir. 44 günlük müharibədən dərhal sonra Rusiya diplomatik danışıqlarda aparıcı tərəf kimi sülhün əldə edilməsinə çalışır. Ümid edirik ki, bu məsələ də tezliklə öz həllini tapacaqdır. Azərbaycan tərəfi olaraq bizim məqsədimiz sabitliyə və əminamanlığa daim nail olmaqdır.

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Ermənistan tərəfi vaxtı yubatmadan bu məsələdə daha çox maraqlı olmalıdır.

Kamil Səbzalıyev,
Xəzər rayonu, 26№-li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button