Analitika

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli münasibətlər

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

İlk dəfə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır.

2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Bu günədək hər iki ölkənin başçılarının bir neçə dəfə qarşılıqlı səfərləri baş tutmuşdur.

İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və ölkələr arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. “Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və hərbi sahədə ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur”.

Belarus Prezidentinin cari ilin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq: “Belarus və Azərbaycan arasında əlaqələr kifayət qədər geniş spektoru əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir”.

Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. “Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir”.

Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button