Azərbaycan regionda sülhü təşviq edir
44 günlük müharibədə qazanılan misilsiz qələbədən sonra Azərbaycan regionda sülhün, qarşılıqlı əlaqələrin və inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edib. Cari il münaqişədən sonrakı mərhələnin yeni reallıqları fonunda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaradılması və normallaşdırılması üçün Ermənistana təqdim olunan baza prinsiplər ətrafında görüş və müzakirələr ilə xarakterizə olunub. Lakin Azərbaycanın sülh quruculuğu istiqamətində bütün səylərinə baxmayaraq, Ermənistanın pozuculuq siyasəti davam etdirilib. Sülh danışıqlarından nəticələr hasil olunmasının axsaması fonunda hərbi əməliyyatlar aktuallaşır və Azərbaycan güc yolu ilə mütləq sülhün təmini planını aktual plan kimi saxlayır. Prezident İlham Əliyev ötən gün Şuşada “Euronews” televiziyasına müsahibəsi zamanı da vurğuladı ki, əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik. Ermənistan tərəfi, erməni icması başa düşməlidirlər ki, sülhün əldə edilməsi isə onları asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bu mənada rəsmi İrəvan yaranan tarixi şansdan istifadə etməlidir. Hər bir halda Azərbaycan bir daha sülhpərvər və humanist mövqeyini ortaya qoyur. Ölkəmiz 2023-cü ilin tarixə həm də sülh ili kimi düşməsini arzulayır. Ölkə başçısı müsahibəsi zamanı onu da xüsusi bildirdi ki, “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk.” Bunun üçün isə Ermənistan da özünə iradə tapmalı və regionun yeni, təhlükəsiz, yüksək inkişaf tempi qazanacaq gələcəyinin təminində yaxından iştirak etməlidir. Bu dəfə eskalasiya baş versə, Ermənistan əldən verdiyi imkanlarını geri qaytara bilməyəcək və Bakıya verilən beynəlxalq dəstəklər fonunda İrəvan növbəti acizliyini yaşayacaq.
Bəhruz Rüstəmov,
YAP- ın gənc fəalı