Analitika

Azərbaycan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.   Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.  Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüslərindən biri BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması olub. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanıb. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib. Azərbaycanln sədrlik etdiyi Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olub.

Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Bu baxımdan martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışında mesajları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdiyini deyən İlham Əliyev bildirib ki, ölkəmiz QH-nin institusional inkişafına güclü dəstək verir. Azərbaycanın təşəbbüsü ilə QH Parlament Şəbəkəsinin ilk iclası 2022-ci ilin iyununda Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”, – deyə dövlət başçısı bildirib.  Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button