Azərbaycan qlobal proseslərin içərisindədir və baş verən hadisələrin əsas iştirakçılarındandır
Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən Tacikistanla münasibətləri xalqlarımız arasında formalaşmış tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər müstəqilliyimizin bərpa olunmasından az sonra, 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Hökumətin müxtəlif qurumları arasında qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlmiş bir sıra saziş və müqavilələrlə yanaşı, Azərbaycan və Tacikistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması münasibətlərin mahiyyətcə və keyfiyyət etibarilə daha yüksək pilləyə qaldırılmasını özündə ehtiva edir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirməkdədir. Bu gün Çindən Avropaya gedən və Mərkəzi Asiya dövlətlərinin ərazisini də əhatə edən ən qısa və təhlükəsiz tranzit daşımaları məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün də səmərəli və cəlbedici nəqliyyat layihəsidir. Bu, bütün Asiya regionu kimi Tacikistanın da Azərbaycana marağını artırır və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər yaradır. Tacikistan ilə strateji tərəfdaşlığın təsbit edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət və hökumət başçılarının ölkəmizə səfərlərinin artması və eləcə də dövlətimizin başçısının mütəmadi olaraq xarici ölkə başçılarının dəvəti ilə səfərlər etməsi Azərbaycanın beynəlxalq əlaqələrinin daha intensiv xarakter almasını göstərir. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri də bu qəbildən olan rəsmi səfərlərdən biridir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı.