Azərbaycan qazı yeni mənbədir

1 mart 2024-cü il tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Bu iclas “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.
Qaz tədarükünün artırılmasından bəhs edərkən nazir deyib ki, Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir.
“Cənub qaz dəhlizi”nin təməli Bakı yaxınlığındakı Səngəçal terminalında 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 ilinin tam olduğu gün qoyulub. Növbəti ilin əvvəlindən isə ildə bir dəfə Bakıda toplaşan Məşvərət Şurası görülən və görüləcək işlərin müzakirə edildiyi platformaya çevrilib. Bu baxımdan həmin toplantıların “Cənub qaz dəhlizi”nin gerçəkləşməsində müstəsna rolu olub. “Cənub qaz dəhlizi” bir-birinə calanan üç kəməri – genişləndirilmlş CQBK-nı (Cənubi Qafqaz Boru Kəməri), TANAP-ı (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ı (Trans-Adriatik Qaz Boru Kəməri) birləşdirən 3500 kilometrlik ixrac xəttidir. 2018-ci ilin may ayından istifadəyə verilib. Həmin ilin iyun ayından Azərbaycan qazı TANAP-la Türkiyəyə, 2020-ci ilin son günündən isə TAP-la Avropaya çatdırılıb. Hazırda Azərbaycan qazı “Cənub qaz dəhlizi” ilə 8 ölkəyə – Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya nəql edilir. Azərbaycandan qaz ixrac etmək istəyən ölkələrin sayı getdikcə artır. Bir sözlə, Azərbaycan artıq etibarlı tərəfdaş kimi də böyük nüfuz və etibar qazanıb.
Prezident “Cənub qaz dəhlizi”nin eyni zamanda enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”. Məşvərət Şurasının keçənilki toplantısından bəri “Cənub qaz dəhlizi”nin salnaməsinə yeni uğurlar yazılıb. Belə ki, Azərbaycan qazına artan tələbat qarşıya bir sıra vəzifələr qoyur. Onlardan biri də ixrac infrastrukturunun şaxələndirilməsidir. Ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması göstərdi ki, nəzərdə tutulan işlər uğurla gerçəkləşir. İki ölkə arasında bu yeni xəttin tikintisinə 2023-cü il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt – ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Serbiyanın gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanı da olacaq ki, bu da ölkənin ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq. İnterkonnektorun işə salınmasında Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin Avropanın enerji təchizatındakı rolunu, etibarlı tərəfdaş kimi qazandığı hörməti və ümumən Prezidentimizin və dövlətimizin nüfuzunu aydın göstərən daha bir önəmli faktdır.
Prezident İlham Əliyev martın 1-də “Gülüstan” sarayında keçirilən iclasda çıxış edərkən bildirib ki, Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var.Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Əməkdaşlığın yeni perspektivləri enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
İclasda Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku bildirib: “Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini təşviq edən mexanizmdir. Albaniya təbii qaz təchizatını yeni enerji mənbəyi kimi əldə etmək, daxili enerji ehtiyaclarını dəstəkləmək və elektrik enerjisindən asılılığı azaltmaq, eyni zamanda ev təsərrüfatları, sənayelər və bizneslər üçün əlçatanlığı yaxşılaşdırmaq üçün TAP-dan istifadə etmək üzrə yaxşı mövqeyə malikdir”.
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər; Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir; Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. “Ümid” yatağı. “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik. Layihələrin maliyyələşməsi. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır.
Azərbaycanın evsahibliyi edəcəyi COP29 ərəfəsində bu məsələlərin bir daha nəzərdən keçirilməsi xüsusi önəm daşıyır. Beləliklə, “Cənub Qaz Dəhlizi” və “Yaşıl Enerji” məşvərət şuralarının builki toplantısı məhz qarşıya qoyulan məqsədlərə çatmaq üçün yolları bir daha dəqiq müəyyənləşdirəcək.
Gözəl İsmayılova,
Xəzər rayonu, 322 nömrəli məktəbin müəllimi



