Azərbaycan-Qazaxıstan arasında münasibətləri strateji xarakter edən başqa amillər mövcuddur

Azərbaycan və Qazaxıstan müstəqilliyini qazandığı gündən etibarən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. 2004-cü ildə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Bu bəyannaməyə əsasən tərəflər arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan-Qazaxıstan arasında münasibətləri strateji xarakter edən başqa amillər mövcuddur. Xüsusən qlobal sistemə baxış, regional təhlükəsizliyə ortaq mövqe, beynəlxalq təşkilatlarda əməkdaşlıq, enerji və nəqliyyat sahəsində ortaq layihələr. Hər iki dövlət həm çox qütblü dünya sistemini dəstəklədiyi kimi, BTM və ATƏT kimi təşkilatların rolunun artırılmasını istəyir. Tərəflər arasında imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməyə əsasən Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsi əsasında həllini dəstəkləyir. Sadəcə bəyannamədə deyil, real siyasətdə də Azərbaycan Qazaxıstanın dəstəyini hiss edir. Bildiyiniz kimi, Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi əməkdaşlığa 2012-ci ildə son vermiş və Avrasiya İttifaqına üzv olmağı seçibdir. Bunun üçün 2014-cü ildə Moskvada keçirilən və Ermənistanın üzv olduğu zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu üzvlüyün Azərbaycan ərazi bütövlüyünə zərər verməyəcək şəkildə olması tələbini ortaya qoyubdur. Azərbaycanın xahişi əsasında Nazarbayevin ifadə etdiyi bu tələbə əsasən işğal altında olan Azərbaycan ərazilərində istehsal olunan mallar Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə ixrac oluna bilməz. Çünki o dövrdə bu malların Ermənistan vasitəsilə AİB-nə üzv ölkələrə ixracı təhlükəsi vardı”.Qazaxıstan Azərbaycanla ikitərəfli və Rusiya ilə birgə üçtərəfli sazişlər imzalayaraq Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün birgə mövqedən çıxış etmişdi. İki dövlətin sərgilədiyi ortaq mövqe nəticəsində 12 avqust 2018-ci ildə beş sahilyanı dövlət arasında imzalanan “Xəzər Sazişi” fundamental töhfə veribdir. Hər iki ölkə strateji mövqeyə sahibdir və şərq-qərb ticarət və nəqliyyat yollarında yerləşir. Azərbaycan Qazaxıstan vasitəsilə Mərkəzi Asiya və Uzaq Asiyaya, Qazaxıstan isə Azərbaycan vasitəsilə qərb bazarına çıxış əldə edir. Bunu həm nəqliyyat həm də enerji daşıyıcıları baxımından demək mümkündür. Böyük İpək Yolunun bərpa edilməsi və Avro-Asiya Nəqliyyat Dəhlizinin tammiqyaslı fəaliyyətinin təmin edilməsi üzrə TRASECA layihələri çərçivəsində infrastrukturun təkmilləşdirilməsi və tarif sistemlərini sadələşdirilməsi üçün tərəflər arasında işlər davam edir. Hər iki ölkə nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsi üçün böyük sərmayə yatırmışdır. 2017-ci ildə Bakıda Bakı-Tiflis-Qars Dəmiryolunun açılışında Qazaxıstanın Baş naziri də iştirak etdi. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər nəqliyyat sisteminin inkişaf etdirilməsi üçün əməkdaşlıq var. Qazaxıstanın Aktau və Azərbaycanın Ələt limanları Türk Şurası çərçivəsində qardaşlaşmış limanlardır. Hər iki ölkə eyni zamanda Beynəlxalq Trans-Xəzər Nəqliyyat Koridorunu yaradır ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına xidmət göstərir”. Astana Bakı-Tbilisi-Ceyhanla (BTC) əlaqədar aparılan görüşlərdə aktiv iştirak edib. 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşündə BTC Sazişi, BTC-nin dəstəklənməsi haqqında İstanbul bəyannaməsi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə imzalanıb. 2005-ci ildə Bakıda BTC-nin açılış mərasimində Nursultan Nazarbayev iştirak edib və 2007-ci ildə Qazaxıstan rəsmən BTC-yə qoşulub. Hal-hazırda BTC-dən Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də ixrac olunur. İki ölkə eyni zamanda beynəlxalq təşkilatlarda əməkdaşlıq edən və dəstək verən ölkələr olub. Belə ki, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurası üzvlüyü üçün Qazaxıstan dəstək verib. O cümlədən, Azərbaycan da 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasına Qazaxıstanın qeyri-daimi üzvlüyü üçün dəstək verib. EXPO-2017 beynəlxalq sərgisinin Qazaxıstanda keçirilməsi üçün isə Azərbaycan Qazaxıstanın yanında durub. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadı Əməkdaşlıq Təşkilatının üzvüdürlər və burada əməkdaşlıq edirlər. İki ölkə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurucu üzvüdür. Türk Şurası beynəlxalq səviyyədə əməkdaşlıq baxımından iki ölkə arasında əməkdaşlığın zirvəsi sayıla bilər. Belə ki, bu təşkilat çərçivəsində iki ölkə xarici siyasət və təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat kimi birçox sahədə əməkdaşlıq edir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı