Analitika

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi inkişaf siyasəti: yeni iqtisadi potensial – Qarabağ və Şərqi Zəngəzur kontekstində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti cəmiyyətimizin 2024-cü il üçün fəaliyyətinin yeni çalarlarını və ölkəmizin sürətli inkişafının ana xətlərini müəyyənləşdirmişdir. Azərbaycan Prezidentinin hər zaman olduğu kimi qətiyyətli səslənişi artıq dünyada heç kimi təəccübləndirmir, çünki onun praqmatizmi, iqtisadi-sosial, siyasi-hərbi, mədəni-ideoloji istiqamətlərdə bir-birini ustalıqla tamamlayan gedişləri, öz siyasətində Ulu öndər Heydər Əliyev kursunu uğurla davam etdirməsi nəticəsində xalqımızı dəmir yumruq kimi birləşdirməsi istənilən vəzifənin öhdəsindən gələ biləcək bir güc mənbəyi formalaşdırmışdır. Əgər 2020-ci ilin 44 günlük Vətən Müharibəsinə qədər bu güc mənbəyinin başlıca problemi işğal altında olan vətən torpaqlarının azad edilməsi idisə, bu gün 30 ilə yaxın müddət  ərzində erməni vandalları tərəfindən sözün bütün mənalarında viran qoyulmuş həmin torpaqlarda insan həyatı və fəaliyyəti üçün ideal yaşayış şəraitinin yaradılması əsas vəzifəyə çevrilmişdir. Təbiidir ki, bu proses uzun bir dövrü əhatə etməklə son dərəcə böyük həcmdə maliyyə resurslarının sərf olunmasını nəzərdə tutur. Amma nəzərə alsaq ki, həmin prosesi mahir siyasətçi, mahir sərkərdə, mahir ideoloq, mahir iqtisadçı İlham Əliyev idarə edir, şübhə yeri qalmır ki, həm prosesin reallaşdırılma müddəti kəskin azalacaq, həm də ona xərclənəcək vəsaitin səmərəliliyi maksimum səviyyədə olacaq. Artıq 2021-2023-cü illər ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş bərpa-quruculuq işlərinin miqyası və nəticələri bunu sübut edir. Təkcə 2022-ci ildə bu məqsədlərə yönəldilmiş investisiyaların həcmi 4018,8 milyon manat olmuşdur ki, bu da həmin il ölkədə bütün mənbələr üzrə qeyri-neft-qaz sektoruna qoyulmuş investisiyaların (12883,2 milyon manatın) 31,2%-ni təşkil edir. Kapital qoyuluşları edilən zaman işğaldan azad edilməş ərazilərə qayıdan əhalinin rifahı, onun məşğulluğunun təmin edilməsi, “ağıllı kəndlər” layihəsinin reallaşdırılması, yaşıl energetikaya üstünlük verilməsi, ekoloji təhlükəsiz infrastrukturun qurulması kimi məsələlər ciddi şəkildə nəzərə alınır. Göstərilən investisiyanın Qarabağ və Şərqi Zəngəzur regionları arasında bölüşdürülməsi iqtisadi inkişafın məqsədəuyğun templəri, məskunlaşma səviyyəsi, reallaşdırılan layihələrin prioritetliyi, regional təhlükəsizlik tədbirləri, ərazilərin minalardan təmizlənməsi səviyyəsi və digər  amillər nəzərə alınmaqla həyata keçirilir. Bu şərtlər əsas götürülməklə 2022-ci ildə Qarabağ iqtisadi rayonuna 1860,9 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonuna 2157,9 milyon manat investisiya yatırılmışdır. Qeyd etmək lazımdır ki, bu investisiyaların əsas hissəsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. Qarabağ İR üzrə investisiyaların 97,9%-i və ya 1821,7 milyon manatı, Şərqi Zəngəzur İR üzrə isə 98.5%-i və ya 2124,7 milyon manatı bu işlərə sərf edilmişdir.

Əlbəttə, 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yatırılmış investisiyaların həcminin 2022-ci ilə nisbətən daha yüksək rəqəmlə ifadə olunacağı bəllidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 21-də Şuşa şəhərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına 2023-cü ilin sonuna qədər 12 milyard manata yaxın vəsaitin yönəldiləcəyini qeyd etmişdi. Bu isə işğaldan azad edilməş ərazilərin bərpası və ölkənin iqtisadi sisteminə inteqrasiya olunması sürətinin  getdikcə artan tendensiyanı ortaya qoyur.

2021-ci ildən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülmüş tikinti-quraşdırma işlərinin həcmi təkcə iqtisadi baxımdan deyil, fiziki cəhətdən də möhtəşəmdir. Bu müddətdə 57,6 min hektar ərazi minalardan təmizlənib, 300 km-dən yuxarı  avtomobil, 50 km-dən çox dəmir yolu çəkilib, iki beynəlxalq hava limanı istifadəyə verilib, 11 su elektrik stansiyası və 12 elektrik yarımstansiyası inşa edilib, 700 km-ə yaxın yüksək gərginlikli elektrik ötürmə xətləri çəkilib, 3 yeni su anbarının və Laçın beynəlxalq aeroportunun tikintisi aparılır. Təbiidir ki, bütün görulmüş və yerinə yetirilməkdə olan işlərin  çox böyük siyahısı 10 milyonluq əhalisi olan inkişaf etməkdə olan bir ölkə üçün iqtisadi möcüzə kimi də qiymətləndirilə bilər. Lakin Azərbaycan Prezidentinin öz xalqının simasında yaratdığı güc mənbəyinin nələrə qadir olduğunu həyat gündəlik olaraq göstərir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkəmizin iqtisadi sisteminə tam inteqrasiya olunması, ilkin hesablamalara görə, Azərbaycanın iqtisadi potensialının ən azı 20-25% artmasını təmin edəcəkdir. Təkcə kənd təsərrüfatına yararlı 160 min hektara yaxın torpağın əkin dövriyyəsinə daxil olması planlaşdırılır ki, bu da ölkənin taxılla tam təminatı probleminin həllinə önəmli töhfə verə bilər. Bu regionun nəqliyyat-logistika, turizm, yaşıl enerji, mineral ehtiyatların istifadəsi və s. istiqamətlər üzrə nə qədər böyük potensialı olduğu bəllidir. Həmin potensialın mümkün olan ən qısa müddətdə ölkəmizin iqtisadi resurslarının artırılması prosesinə cəlb ediləcəyini işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərinin miqyası sübut edir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məşhur “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözlərinin real nəticələrini xalqımız həm 44 günlük Vətən Müharibəsində böyük qələbənin əldə olunmasında, həm də Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin miqyasında əyani olaraq görür. Bütün bu nailiyyətlərin memarı olan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin sözlərinin necə reallaşdırıldığını 31 dekabr 2023-cü ildə xalqa müraciətində möhtəşəm şəkildə ifadə edir: “İqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.” Təbiidir ki, sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı ölkəmiz üçün həyati əhəmiyyətə malik olan bu müstəqilliyin daha da möhkəmləndirilməsi naminə Azərbaycan Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyəcəkdir.

Gülnarə Əhmədova,
Milli Aviasiya Akademiyası

Oxşar Xəbərlər

Back to top button