Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir
“1994-cü ildə keçirilmiş ilk neft-qaz sərgisi və həmin ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanda vəziyyəti kökündən dəyişdi. Sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Bu mənada, 1994-cü ildən etibarən keçirilən Xəzər neft-qaz sərgisi mühüm xarakter daşıyır və Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır”.
Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir: “ABŞ Prezidenti Co Baydenin və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə öz məktublarını ünvanlamaları tədbirin qlobal əhəmiyyətə malik olduğunu isbatlayır. Təsadüfi deyil ki, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyib. Heç şübhəsiz ki, 30 il ərzində Azərbaycan da dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb, Avrasiyanın enerji xəritəsini dəyişdirib və bu gün ölkəmiz istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”.
“Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir və çalışır ki, bu məsələdə lider, aparıcı ölkə olsun” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır: “Bununla yanaşı, bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. Çünki Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var”.