
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə seçilən və strateji məzmun qazanan dövlətlərarası əlaqələr sırasında xüsusi yer tutur. Bu münasibətlərin əsasını yalnız siyasi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq bağları təşkil edir.
Dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatmasında hər iki ölkə rəhbərinin — Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluğu, qarşılıqlı etimadı və strateji baxışı həlledici rol oynayır. Son 5 ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər siyasi dialoqun nə dərəcədə yüksək dinamikaya malik olduğunu əyani şəkildə göstərir.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qalır. Avqustun 23–24-də baş tutan səfər zamanı siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, eləcə də humanitar və mədəni əməkdaşlığın inkişafı ilə bağlı mühüm məsələlər diqqət mərkəzində olub.
Prezident İlham Əliyevin Özbəkistana səfərinin ən mühüm nəticələrindən biri Azərbaycan ilə Özbəkistan arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətlərinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir. Müqavilənin imzalanması Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilir.
Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın növbəti iclasının keçirilməsi də münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Görüşlərdə iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Daşkənddə Azərbaycanla bağlı yeni layihələrin həyata keçirilməsi də səfərin diqqətçəkən məqamlarından biri olub. Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması iki xalq arasındakı dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirilə bilər. Parkın gələcəkdə Azərbaycanın tarixini, mədəniyyətini və zəngin irsini Özbəkistanda tanıdan mühüm məkanlardan birinə çevrilməsi nəzərdə tutulur.
Bütövlükdə, Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm hadisədir. İmzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həyata keçirilən layihələr, iqtisadi əməkdaşlığın genişləndirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əsas verir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



