
Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.
Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir.
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.
Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



