AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu xalqımızın qürur mənbəyinə çevrilmişdir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması xalqımızın müstəqillik tarixinin ən mühüm hadisələrindən biridir. 1918-ci il iyunun 26-da əsası qoyulan milli ordu bu gün regionun ən güclü ordularından birinə çevrilmişdir. Hər il qeyd olunan 26 İyun – Silahlı Qüvvələr Günü dövlətimizin hərbi qüdrətinin təntənəsi kimi böyük ehtiramla qarşılanır.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirildi, peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Bu siyasət sonrakı illərdə uğurla davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordumuz ən müasir silah və texnikalarla təchiz olundu. Hərbçilərin sosial rifahının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanıldı.

2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Onların vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün nümunədir.

Bu gün Azərbaycan Ordusu regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Ordumuzun döyüş hazırlığı daim yüksəldilir, hərbi potensialı daha da artırılır.

Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı sayəsində Azərbaycan qalib dövlətdir.

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun qüdrətini, xalq-ordu birliyini və dövlətimizin sarsılmaz gücünü nümayiş etdirən əlamətdar tarix kimi yaddaşlarda yaşayacaqdır.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button