Analitika

Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına daxildir

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Açılışdan sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxış keçirib. Prezident İlham Əliyevə məruzə olunub ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.

Cənab Ali baş komandan İlham Əliyev çıxış edərək əvvəlcə Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Daha sonra çıxışına davam edərək bildirib ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Həmçinin prezident İlham Əliyev artıq bir neçə hərbi hissənin fəaliyyət göstərirdiyini və yeni hərbi hissələrin açılışının da nəzərdə tutulduğunu qeyd edib.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən söz açaraq qeyd edib ki,  İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolunun olduğunu vurğulayıb və qeyd edib ki, bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir. O, həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha da geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.

Prezident İlham Əliyev imzalanmış yeni müqavilələrdən söz açaraq bildirib ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsini də xüsusu olaraq vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür və Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf etdir.  Həmçinin əlavə edib ki, Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür – ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi.

Cənab Ali baş komandan iqtisadi siyasətimizdən bəhs edərək bildirib ki, uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Həmçinin əlavə edib ki, cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir – birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu blir, görür, bilməlidir və görməlidir” – deyə prezident İlham Əliyev çıxışına əlavə edib.

O, həmçinin ölkəmizin müstəqil siyasətindən söz açaraq bildirib ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Bu gün Azərbaycan bölgədə söz sahibidir. Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik.

Daha sonra dövlət başçısı Azərbaycan Ordusunun yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu vurğuladı. O, həmçinin qeyd etdi ki, Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycanı qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq.

Prezident İlham Əliyev Erməni vəhşiliklərindən danışaraq qeyd etdi ki, biz Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır.

Dövlət başçısı aparılan sülh danışıqlarından söz açaraq bildirdi ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Prezident İlham Əliyev imzalanacaq sülh müqaviləsinin şərtlərindən bəhs edərək qeyd edib ki, Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir.

Sonda dövlət başçısı Şuşa şəhərinin xalqımız, dövlətimiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayaraq bildirib ki, Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.

Əliyeva Könül,
Xəzər rayonu, Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin direktor müavini                        

Oxşar Xəbərlər

Back to top button