Analitika

Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı

Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının əldə edilməsinin nə qədər çətin olduğunu isə sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, total xaosdan, Ermənistanın işğalçılıq siyasətindən, ən nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından cana doymuşdu. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də ölkəmizdə o zamankı iqtidarlar tərəfindən siyasi-hüquqi və institusional islahatlar həyata keçirilmir, planlı iqtisadiyyatdan, totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə, demokratik idarəçiliyə keçid üçün heç bir cəhdlər göstərilmirdi. Əksinə, vətəndaşlarla siyasi-ictimai institutlar arasında əlaqələr itir, dövlətlə xalq arasında uçurum dərinləşirdi. Belə bir hal ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Bu səbəbdən də, insanlar ölkənin düşdüyü ağır vəziyyətdən xilas edilməsini istəyirdi.

Əlbəttə ki, istər zor tətbiqi ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular.

Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbaycanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların mənafeyi naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə yerində ətraflı tanış oldu, şəhər sakinləri ilə və hərbi qulluqçularla görüşdü. Beləliklə, çoxsaylı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın qurtuluşu yolunda həlledici addım oldu. Ulu öndər iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı olmayan AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Bu, xalqın tələbi idi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il, əslində müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəal

Oxşar Xəbərlər

Back to top button