Analitika

Azərbaycan-NATO tərəfdaşlığı 30 ildən artıq davam edir

Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaranıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Bu, bizim üçün böyük təcrübə idi. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşdu. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Həmçinin Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Müdafiə imkanlarımızı müasirləşdirərək bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar. Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir.

Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsiplərini müəyyən edən əsas milli sənədlər sırasında 1996-cı ildə hazırladığı SNT Təqdimat Sənədini və 2004-cü ildə hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı Təqdimat Sənədini qeyd etmək olar. Bu sənədlərdə Azərbaycan Respublikası demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq, terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button