Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur
Son illərdə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb. Artıq ölkə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir. Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir. Dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar. Azərbaycan isə bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir. Azərbaycanın geosiyasi,geoiqtisadi,nəqliyyat-logistika uğurları bir-birini üzvi şəkildə tamamlayır.
Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Artan geosiyasi gərginliklər fonunda Azərbaycan üzərindən keçən beynəlxalq səviyyəli nəqliyyat dəhlizlərinə böyük maraq yaranıb. Hazırda Avrasiya məkanında bir sıra marşrutlar ciddi təhdidlər altındadır. Müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb.
Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Azərbaycan Avropa ilə Asiya arasında ən əlverişli məkan kimi ölkələrin və daşıma şirkətlərinin diqqətini özünə çəkir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca avtomobil yolları seqmenti üzrə bütün mühüm layihələrin icrasını yüksək səviyyədə tamamlayan Azərbaycan hazırda əsas diqqəti dəmir yollarının imkanlarını artırmağa yönəldib. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.
Mətanət Cəfərova,
YAP-ın fəalı