Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsindədir
Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Prezident İlham Əliyevin iyunun 7-də Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək, münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirilib.
Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışılıb. Dövlətimizin başçısının bəyanatında Misirin COP27-ə evsahibliyinin böyük uğurlarla nəticələndiyi, dost ölkənin sözügedən sahədəki təcrübəsindən yararlanmaq lazım olduğunu bildirib.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi