Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir

“Azərbaycan-Misir əlaqələrinin tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasındakı münasibətlər bu gün də sürətlə inkişaf edir.Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri də Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir: “Hazırda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Şübhə yoxdur ki, ölkələrimiz arasında imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaq. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”.
“Azərbaycan ilə Misir arasında siyasi dialoq müntəzəm xarakter daşıyır və bundan sonra da davam etdiriləcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hər iki ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.