AnalitikaGündəmSiyasət

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı: “C6” formatı regional tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə hər zaman olduğu kimi maraqlı məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin Azərbaycan – Özbəkistan əlaqələri və bütövlükdə Mərkəzi Asiya ölkələri ilə əlaqələri barədə səsləndirdiyi fikirlər Azərbaycanın bu ölkələrlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini göstərdi.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və regionlararası əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat-kommunikasiya imkanlarının artırılmasına, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu siyasət Azərbaycanın yalnız ikitərəfli əlaqələrin inkişafında deyil, bütövlükdə Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində fəal rol oynadığını göstərir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sözügedən platforma region dövlətləri arasında siyasi dialoqun inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, mövcud problemlərin müzakirəsi və yeni birgə təşəbbüslərin irəli sürülməsi baxımından mühüm və nüfuzlu mexanizmə çevrilib. Azərbaycan Respublikasının bu platformada tamhüquqlu iştirakı isə əməkdaşlığın coğrafiyasını genişləndirərək yeni imkanlar yaradıb.
Ötən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərarın qəbul edilməsi bu baxımdan tarixi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin məntiqi nəticəsi olmaqla yanaşı, ölkəmizin region üçün artan strateji əhəmiyyətinin göstəricisidir.
Azərbaycanın bu formata qoşulması ilə əvvəllər “C5” adlandırılan əməkdaşlıq formatının faktiki olaraq “C6” formatına çevrilməsi regional əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dəyişiklik yalnız iştirakçıların sayının artması demək deyil. Eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da möhkəmlənməsi, ortaq maraqların uzlaşdırılması və regionlararası əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni perspektivlər açır.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin mühüm istiqamətlərindən biri nəqliyyat və kommunikasiya sahəsidir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində həyata keçirdiyi layihələr Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımaların inkişafı və Orta Dəhlizin imkanlarının artırılması Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün mühüm zəmin yaradır.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin strateji xarakterini müəyyən edən əsas istiqamətlərdəndir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara nəqli sahəsində formalaşdırdığı təcrübə, həmçinin bərpaolunan enerji potensialının inkişaf etdirilməsi ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə yeni enerji layihələri üzrə əməkdaşlığı üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, yaşıl enerji keçidinə və regionların davamlı inkişafına da töhfə verə bilər.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri iqtisadi əlaqələrlə məhdudlaşmır. Humanitar, mədəni və təhsil sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi xalqlar arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Mərkəzi Asiya xalqlarını birləşdirən ortaq tarixi-mədəni irs əməkdaşlığın mənəvi əsasını təşkil edir. Bu baxımdan mədəniyyətlərarası dialoqun inkişafı, tələbə və alim mübadilələrinin genişləndirilməsi, birgə mədəni layihələrin həyata keçirilməsi qarşılıqlı münasibətlərə əlavə dinamizm qazandırır.
Azərbaycan–Özbəkistan münasibətləri isə bu əməkdaşlığın ən mühüm nümunələrindən biridir. İki ölkə arasında siyasi etimadın yüksək səviyyəsi iqtisadi, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığın inkişafına əlverişli şərait yaradıb. Özbəkistanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində Azərbaycanın tamhüquqlu iştirakını dəstəkləməsi də iki ölkə arasında mövcud strateji tərəfdaşlığın mühüm göstəricisidir.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi diqqətə layiqdir. İki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Bu əməkdaşlıq dövlətlərin milli maraqlarının müdafiəsi ilə yanaşı, beynəlxalq münasibətlər sistemində sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı həmçinin regional əməkdaşlığın sərhədlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaranır. Bu isə Avrasiyanın mühüm geosiyasi və iqtisadi məkanları arasında daha sıx əlaqələrin formalaşmasına şərait yaradır.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad, ortaq maraqlar və uzunmüddətli strateji baxış üzərində qurulur. Azərbaycanın “C6” formatında tamhüquqlu iştirakı bu münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Qarşıdakı dövrdə siyasi dialoqun daha da intensivləşdirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin imkanlarının artırılması, enerji və humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Bu proses, eyni zamanda, Avrasiya məkanında sülhün, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcək.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button