
2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq siyasi və humanitar gündəmin diqqət mərkəzində oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi təkcə ölkəmizin deyil, bütövlükdə regionun beynəlxalq münasibətlər sistemində artan rolunun və humanitar dəyərlərə verdiyi töhfənin mühüm göstəricisi kimi qiymətləndirildi. Şeyx Zayedin adını daşıyan bu mükafat dünya miqyasında sülh, tolerantlıq, humanizm və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən liderlərə təqdim olunur və bu baxımdan Prezident İlham Əliyevin seçilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın apardığı siyasətin yüksək dəyərləndirilməsi deməkdir.
Dövlət başçısı mərasimdə çıxışı zamanı ilk növbədə münsiflər heyətinə dərin minnətdarlığını bildirərək, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğuladı. Prezident İlham Əliyev Şeyx Zayedin uzaqgörən siyasətini xüsusi qeyd edərək bildirdi ki, onun liderliyi və strateji baxışı sayəsində BƏƏ qısa müddət ərzində regionun ən sabit və firavan ölkələrindən birinə çevrilmişdir. Bu fikirlər həm də Azərbaycan rəhbərliyinin beynəlxalq səviyyədə uğurlu inkişaf modellərinə verdiyi önəmin və dövlətlərarası təcrübə mübadiləsinə açıq yanaşmasının göstəricisi kimi dəyərləndirilə bilər.
Çıxışda diqqət çəkən əsas məqamlardan biri müasir dövrdə sülh, tolerantlıq və multikulturalizm kimi dəyərlərin qorunmasının vacibliyi oldu. Prezident İlham Əliyev vurğuladı ki, dünyada artan çağırışlar və geosiyasi gərginliklər fonunda dövlətlər arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin gücləndirilməsi hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın uzun illərdir müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı məkan kimi formalaşması, ölkəmizin beynəlxalq humanitar təşəbbüslərdə aktiv iştirakı bu mükafatın məntiqi nəticəsi kimi qəbul edilir.
Prezident İlham Əliyev çıxışında Birləşmiş Ərəb Əmirliklərinin hazırkı Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının başladığı inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirdiyini xüsusi vurğuladı. Bu gün BƏƏ-nin həm tarixi köklərinə sadiq qalaraq, həm də innovasiya və müasir texnologiyalar sahəsində irəliyə doğru addımlar atan bir dövlət kimi bir çox ölkələr üçün nümunə olduğu qeyd edildi. Azərbaycanın da iqtisadi modernizasiya, rəqəmsallaşma və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi siyasət bu baxımdan BƏƏ ilə ortaq yanaşmaların mövcudluğunu nümayiş etdirir.
Mərasim çərçivəsində səsləndirilən fikirlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın dərinləşdiyini də bir daha təsdiqlədi. Son illər ərzində iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və investisiya layihələrinin genişlənməsi müşahidə olunur. Enerji, bərpa olunan mənbələr, logistika və innovasiya sahələrində həyata keçirilən birgə təşəbbüslər tərəfdaşlığın yalnız regional deyil, qlobal səviyyədə də mühüm əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyevin beynəlxalq mükafatla təltif olunması bu münasibətlərin strateji səviyyədə inkişaf etdiyinin növbəti sübutu kimi qiymətləndirilə bilər.
Bundan əlavə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Azərbaycanın humanitar diplomatiyasının və multikultural dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq aləmdə qəbul olunduğunu bir daha nümayiş etdirdi. Ölkəmiz uzun illərdir müxtəlif beynəlxalq platformalarda dinlərarası dialoq, mədəniyyətlərarası əməkdaşlıq və humanitar təşəbbüslərin təşviqi istiqamətində fəal rol oynayır. Bakıda keçirilən beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq platformaları və qlobal humanitar təşəbbüslər Azərbaycanın bu sahədə qazandığı nüfuzun əsas göstəriciləridir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən mərasimdə çıxışı yalnız bir mükafat təqdimatı çərçivəsində səsləndirilmiş təşəkkür nitqi deyil, həm də qlobal əməkdaşlıq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə əsaslanan beynəlxalq münasibətlər modelinə çağırış kimi qiymətləndirilə bilər. Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata layiq görülmək Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və dövlət başçısının həyata keçirdiyi siyasətin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu hadisə həm də Azərbaycan-BƏƏ münasibətlərinin daha da möhkəmlənəcəyinə, qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağına dair mühüm siyasi mesaj kimi qəbul olunur.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



