AnalitikaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərinin inkişafı və strateji əməkdaşlığın genişləndirilməsi

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etmişdir. Bəyanatda Azərbaycan-Laos münasibətlərinin mövcud vəziyyəti, siyasi əlaqələrin inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi və gələcək tərəfdaşlığın əsas istiqamətləri diqqət mərkəzində olmuşdur. Cənab Prezident İlham Əliyev Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında diplomatik münasibətlər 30 ildən artıqdır ki, mövcuddur və tərəflər bu müddət ərzində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirmişlər. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi və hakim partiyalar arasında əməkdaşlıq münasibətlərin siyasi əsaslarını möhkəmləndirən amillər kimi qiymətləndirilmişdir. Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas məsələlərdən biri kimi önə çəkilmişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını və əməkdaşlıq imkanlarını tam əks etdirmir. Bu səbəbdən ticarət əlaqələrinin intensivləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Laos Biznes Forumunun iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanmışdır.

Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim olunmasının bu sahədə yeni imkanlar yaradacağı qeyd edilmişdir. Cənab Prezidentin bəyanatında nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərinə də toxunulmuşdur. Azərbaycanın mühüm nəqliyyat və logistika layihələrini həyata keçirdiyini qeyd edən dövlət başçısı yeni yük mənbələrinin cəlb edilməsinin və yükdaşımaların həcminin artırılmasının əhəmiyyətini vurğulamışdır. Laosda həyata keçirilən dəmir yolu və nəqliyyat layihələrinin gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxış imkanları yaratması perspektivi də diqqətə çatdırılmışdır. Bununla yanaşı, enerji, dağ-mədən sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirilmişdir. Cənab Prezident İlham Əliyev minalardan təmizləmə sahəsində təcrübə mübadiləsinin, müasir texnologiyaların tətbiqinin və mütəxəssislərin hazırlanmasının əhəmiyyətini də qeyd etmişdir. Bəyanatda humanitar və təhsil əlaqələrinin inkişafı məsələsi də xüsusi yer tutmuşdur. Dövlət başçısı Azərbaycanın keçmişdə Laosdan olan tələbələrin təhsil aldığı ölkələrdən biri olduğunu xatırlatmış, gələcəkdə laoslu tələbələrin Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün təqaüd imkanlarının genişləndirilməsini təklif etmişdir. Bu təşəbbüsün xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanmışdır. Oktyabrın 13-də Azərbaycan və Laos prezidentləri tərəfindən Birgə Bəyanat qəbul edilmiş, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və xidmət pasportlarına malik şəxslərin viza tələblərindən qarşılıqlı azad edilməsi ilə bağlı sənədlər də mübadilə olunmuşdur. Bu sənədlər iki ölkə arasında əlaqələrin hüquqi və institusional əsaslarının inkişafına yönəlmişdir. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Laos münasibətlərinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə dair prioritetləri müəyyənləşdirmişdir. Siyasi dialoqun davam etdirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında tərəfdaşlığın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Sidiqə Qasımova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button