
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin hüquqi dövlət quruculuğu tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gündür.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu mühüm tarixi hadisə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etmiş, dövlət hakimiyyətinin təşkilinin, vətəndaş cəmiyyətinin inkişafının və insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi təməlini yaratmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunu olmaqla, hər bir vətəndaşın hüquq və azadlıqlarını, vəzifələrini, dövlət orqanlarının fəaliyyət prinsiplərini və cəmiyyətin hüquqi əsaslarını müəyyən edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, bərabərlik və ədalət prinsipləri xüsusi yer tutur.
Konstitusiyaya hörmət və onun müddəalarına əməl edilməsi hər bir vətəndaşın, dövlət qurumunun və vəzifəli şəxsin mühüm vəzifəsidir. Hüquqi maarifləndirmənin gücləndirilməsi, vətəndaşların öz hüquq və vəzifələrini bilməsi demokratik cəmiyyətin inkişafına xidmət edir.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



