Azərbaycanın İtaliya ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın mühüm ticarət və ixracat tərəfdaşıdır. Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. İki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 2-ci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. BTC ilə Ceyhan limanına çıxardığımız neftin əsas alıcısı İtaliyadır. Bu baxımdan İtaliya enerji sahəsində Azərbaycanın ən böyük partnyorudur. TAP layihəsi üzrə Azərbaycan qazının əsas alıcıları Yunanıstan, Bolqarıstan, Serbiya ilə yanaşı həm də İtaliyadır. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında “Cənub qaz dəhlizi”nin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə genişləndiyini və dərinləşdiyini əks etdirir. Bu tərəfdaşlıq, enerji, iqtisadiyyat, ticarət, mədəniyyət və siyasi sahələrdə inkişaf edən əlaqələri əhatə edir və hər iki ölkənin qarşılıqlı maraqlarını təmin etmək məqsədini daşıyır. İqtisadi əlaqələr Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın digər mühüm bir istiqamətidir. İtaliya, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan xarici sərmayəçilərdən biridir. İki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələri əhatə edir, o cümlədən sənaye, infrastruktura sərmayə, müştərək investisiya layihələri və texnologiya transferi. İtaliyanın müasir texnologiyaları və təcrübəsi, Azərbaycanın inkişaf etməkdə olan iqtisadi sektorlarına dəyərli töhfələr verir. İki ölkə arasındakı ticarət mübadiləsi də müsbət istiqamətdə inkişaf edir, bu da iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxarır. Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın əsas sahələrindən biri enerji sektorudur. Azərbaycan, zəngin enerji resursları ilə tanınır, xüsusən də neft və qaz sahəsindəki ehtiyatları ilə. Bu baxımdan, Azərbaycan İtaliya üçün mühüm enerji tərəfdaşıdır. İtaliya, enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın enerji resurslarına ehtiyac duyur. Bu əməkdaşlıq çərçivəsində, Azərbaycan qazı İtaliya bazarına nəql olunur və Trans-Adriatik Boru Kəməri layihəsi bu əməkdaşlığın əhəmiyyətli bir hissəsini təşkil edir. Bu layihə Azərbaycanın qazını Avropaya çatdırmaqla, İtaliya enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası işində başda qardaş Türkiyə şirkətləri yer tutur. Quruculuq işlərinə ilk olaraq çətin gündə, yaxşı gündə hər zaman Azərbaycanın yanında olan qardaş ölkə qoşulmuş və bu istiqamətdə birinci müqavilə Türkiyə şirkəti ilə bağlanıb. İtaliya şirkətləri də irimiqyaslı layihələrdə podratçı olaraq yaxından iştirak edirlər. Əslində, İtaliya hazırda fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər.
Günay Məmmədova,
Xəzər rayonu, 117 №li tam orta məktəbin tarix müəllimi