
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın möhkəmlənməsi yalnız diplomatik təmasların intensivliyi ilə deyil, həm də qarşılıqlı maraqların konkret siyasi, iqtisadi və institusional öhdəliklərə çevrilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamı, eyni zamanda gələcək əlaqələrin inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəddir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsası müstəqilliyimizin ilk illərində qoyulub. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi təməlinin formalaşmasında mühüm rol oynayıb. Aradan keçən müddət ərzində bu münasibətlər enerji, iqtisadiyyat, investisiya və diplomatik əməkdaşlıq sahələrində genişlənərək daha məzmunlu xarakter alıb. Yeni Bəyannamə isə mövcud tərəfdaşlığın əhatə dairəsini genişləndirməklə yanaşı, onu uzunmüddətli strateji hədəflər üzərində qurur.
Sənədin siyasi əhəmiyyətini müəyyən edən başlıca məqamlardan biri beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətin birmənalı şəkildə ifadə olunmasıdır. Tərəflər BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu müddəalar Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən prinsiplərlə uzlaşmaqla yanaşı, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn üstünlüyünün qorunmasının vacibliyini də ön plana çıxarır.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların xüsusi vurğulanması da diqqətəlayiqdir. Böyük Britaniyanın regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə dəstəyini ifadə etməsi Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini göstərir. Regionda sabitliyin möhkəmlənməsi yalnız siyasi münasibətlərin normallaşması deyil, həm də yeni iqtisadi imkanların, nəqliyyat əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün zəruri şərtdir.
Bəyannamənin müdafiə və təhlükəsizlik istiqaməti müasir beynəlxalq şəraitdə dövlətlərarası əməkdaşlığın mühüm komponentlərindən birini əhatə edir. Tərəflər regional sabitliyin qorunması, ümumi təhlükələrə qarşı mübarizə imkanlarının artırılması, müdafiə potensialının inkişafı və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə edirlər. Buraya müdafiə sahəsində təlim və təcrübə mübadiləsi, müdafiə sənayesi üzrə mümkün birgə təşəbbüslər, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlıq kimi məsələlər daxildir. Bu yanaşma təhlükəsizliyin yalnız hərbi amillərlə məhdudlaşmadığını, institusional dayanıqlılıq və hüququn aliliyinin də onun ayrılmaz hissəsi olduğunu nümayiş etdirir.
İki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi münasibətlərin yeni imkanlar əsasında inkişaf etdirilməsidir. Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Böyük Britaniya ilə enerji sahəsində otuz ildən artıq davam edən əməkdaşlıq bu münasibətlərin möhkəm iqtisadi əsasını təşkil edir. Prezident İlham Əliyevin Dublində keçirilən görüşdə qeyd etdiyi kimi, Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur. Bu fakt ölkəmizin beynəlxalq investisiya mühitində mövqeyini və ikitərəfli iqtisadi əlaqələrin miqyasını səciyyələndirən mühüm göstəricidir.
Yeni sənəd iqtisadi əməkdaşlığı ənənəvi sahələrlə məhdudlaşdırmır. Bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə bazarları və yaşıl maliyyələşdirmə gələcək tərəfdaşlığın prioritetləri sırasında yer alır. Burada əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, həm də yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların tətbiqi, peşəkar bacarıqların inkişafı və hər iki ölkənin iqtisadiyyatında əlavə dəyərin formalaşdırılmasıdır. Xüsusilə kiçik və orta biznes subyektlərinin inkişafına, investisiya imkanlarının genişləndirilməsinə və maliyyə sektorunda təcrübə mübadiləsinə verilən önəm iqtisadi əlaqələrin daha geniş sosial-iqtisadi məzmun daşıdığını göstərir.
Sənəddə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyətini bir daha önə çıxarır. Şərqlə Qərbi birləşdirən bu nəqliyyat marşrutu ölkəmizin beynəlxalq logistika və ticarət sistemində rolunun artmasına xidmət edir. Nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsi təkcə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından deyil, bütövlükdə regionun tranzit imkanlarının inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirdiyi infrastruktur layihələri və beynəlxalq nəqliyyat əlaqələrinin şaxələndirilməsi istiqamətində atdığı addımlar bu əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Müasir dünyanın qarşısında duran əsas çağırışlardan biri enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılıq arasında tarazlığın təmin edilməsidir. Bəyannamədə təmiz enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, aşağı karbonlu texnologiyalar və yaşıl maliyyələşdirmə məsələlərinin yer alması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ənənəvi enerji resurslarına malik ölkə olmaqla yanaşı, günəş və külək enerjisinin potensialından istifadə etməklə enerji sektorunun şaxələndirilməsinə də xüsusi önəm verir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq müasir texnologiyaların, qabaqcıl təcrübənin və yeni investisiyaların ölkəmizə cəlb olunması üçün əlavə imkanlar yarada bilər.
Bəyannamənin diqqət çəkən digər istiqaməti təhsil, elm və innovasiya sahələridir. Bu sahələrin ayrıca strateji əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Çünki dövlətlərin gələcək inkişafı artıq yalnız təbii resurslar və iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalının keyfiyyəti, elmi potensialı və texnoloji yeniliklərə uyğunlaşma qabiliyyəti ilə müəyyən olunur. Tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, elmi tədqiqatlar və innovasiya sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və inkişaf etməkdə olan texnologiyalar üzrə təcrübə mübadiləsinin nəzərdə tutulması gələcəyə hesablanmış yanaşmanın göstəricisidir. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi bilik və texnologiyaların qarşılıqlı ötürülməsinə, yeni elmi təşəbbüslərin yaranmasına və müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər.
Əməkdaşlığın mühüm tərəflərindən biri də insanlar arasında birbaşa əlaqələrin inkişafıdır. Çünki dövlətlərarası münasibətlərin davamlılığı yalnız rəsmi sənədlər və siyasi dialoqla deyil, xalqlar arasında qarşılıqlı anlaşma, mədəni ünsiyyət və etimad mühitinin formalaşması ilə möhkəmlənir. Təhsil və mədəniyyət mübadilələri, peşəkar şəbəkələr və vətəndaş cəmiyyətləri arasında əlaqələr iki ölkənin yaxınlaşmasına, qarşılıqlı təcrübənin öyrənilməsinə və uzunmüddətli əməkdaşlıq ənənələrinin yaranmasına töhfə verə bilər.
Bəyannamənin icrasının davamlılığını təmin edən mühüm mexanizmlərdən biri də hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinə dair razılaşmadır. Bu görüşlər əməkdaşlığın üç əsas istiqaməti üzrə əldə olunan nəticələrin nəzərdən keçirilməsi, yeni prioritetlərin müəyyənləşdirilməsi və razılaşdırılmış məsələlərin praktiki icrasının izlənilməsi baxımından əhəmiyyət daşıyır. Beləliklə, sənəd yalnız siyasi niyyətlərin bəyanı ilə kifayətlənmir, onların həyata keçirilməsinə xidmət edən müntəzəm dialoq mexanizmini də nəzərdə tutur.
Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əsas mahiyyəti münasibətlərin mövcud təcrübə üzərində qurularaq yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsidir. Sənədin əhatə etdiyi təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və innovasiya istiqamətləri göstərir ki, tərəfdaşlığın hədəfləri çoxşaxəli və uzunmüddətlidir.
Bu sənəd, eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət kursunun, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və milli maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində həyata keçirdiyi siyasətin növbəti mühüm nəticəsidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, regional təşəbbüsləri və müxtəlif dövlətlərlə qarşılıqlı faydaya əsaslanan əlaqələri ölkəmizin müasir geosiyasi reallıqlardakı mövqeyini daha da möhkəmləndirir.
Dublin şəhərində imzalanmış bu Bəyannaməni səciyyələndirən başlıca cəhət ondan ibarətdir ki, o, keçmişdə formalaşmış etimadı gələcəyin konkret əməkdaşlıq istiqamətləri ilə birləşdirir. Strateji tərəfdaşlığın real dəyəri isə qarşıya qoyulan məqsədlərin ardıcıl icrasında, əldə olunan razılaşmaların praktik nəticələrə çevrilməsində özünü göstərəcəkdir.
Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



