Azərbaycan hər zaman sülhün, birliyin, həmrəyliyin tərəfdarı olmuşdur
Bir çox aparıcı dünya dövlətlərinin uzun illər boyu keçdiyi inkişaf mərhələlərini Azərbaycanın qısa zaman kəsiyində qət edə bilməsi yalnız ölkəmizin zəngin təbii sərvətləri ilə bağlı deyil. Belə ki, ölkə başçımız İlham Əliyevin güclü siyasəti və liderlik bacarığı bu inkişafı surətləndirən amillərdir.
Bu gün Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Onun həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan lider dövlətə çevrilmişdir. İlham Əliyev sürətlə dəyişən müasir dünyada qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
Artıq Azərbaycan müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların, tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir.
Ölkəmizdə insan haqları və azadlıqlarının təmin olunması daim diqqət mərkəzində saxlanılır. Qoşulmama Hərəkatına dörd il sədrlik etmiş bir ölkə olaraq əminliklə deyə bilərik ki, Azərbaycanda beynəlxalq görüşlərin təşkili üçün rahat, təhlükəsiz mühit yaradılmışdır. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir. Ölkəmizin növbəti təşəbbüslərindən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin uğurudur. Bu da təbii ki, ölkə başçımızın uğurlu daxili və xarici siyasət kursunun nəticəsidir.
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Belə bir sərəncamın verilməsi Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu gün ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Ölkə başçımız İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, son zamanlar nefti olmayan bəzi ölkələr nefti olan ölkələri günahlandırırlar ki, siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız. Təbii ki, bu doğru yanaşma deyil. Ölkələri malik olduqları təbii sərvətinə görə yox, bu təbii sərvətlərdən necə istifadə etdiklərinə görə mühakimə etmək olar.
Azərbaycan hər zaman sülhün, birliyin, həmrəyliyin tərəfdarı olmuşdu. Ölkə başçımız da hər zaman öz çıxışlarında bunu qeyd etmişdi. Ölkəmiz bir sıra təşkilatlara üzv olub ölkələrlə əməkdaşlıq edir. Bu da onun əhəmiyyətli ölkə kimi nüfuzunu ortaya qoyur. Azərbaycan digər ölkələrlə hər zaman əməkdaşlığa hazırdır və bunun üçün əlindən gələni edir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir.
Gülgün Əhmədova,
Xəzər rayonu, 124 №li məktəbin müəllimi