Analitika

Azərbaycan-Gürcüstan əməkdaşlığı region və Avrasiya üçün önəmli amilə çevrilib

“Azərbaycan-Gürcüstan arasındakı münasibətlər çox dərin tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində qurulmuş əməkdaşlığı üzərində qurulub. Sirr deyil ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır: “Bu gün strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan və Gürcüstan tarixi İpək Yolu üzərində yerləşir. Məhz bu səbəbdəndir ki, iki ölkə tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edilib. Bu da regiondan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün də əvəzolunmaz imkanlar açacaq”.

“Statistik göstəricilərə əsasən demək olar ki, Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanda 533 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir ki, ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb: “Azərbaycanın və Gürcüstanın birgə icra etdiyi layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə və bütövlükdə Avrasiya üçün xüsusi əhəmiyyət daşıyır. İstər karbohidrogen ehtiyatlarının nəqli, istərsə də mal daşınmalarında yüksək artımlar hər iki ölkənin inkişafına da müsbət təsir göstərəcək. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Həmçinin yeni elektrik enerjisi ilə bağlı layihələrin icrası nəticəsində Azərbaycan elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Əlbəttə ki, bütün bu ixrac və nəql əməliyyatları Gürcüstandan keçir. Nəzərə alsaq ki, növbəti illərdə əsas vəzifə Avropaya ixracın genişləndirilməsidir, bu da Gürcüstanla Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərinə mühüm şərait yaradır”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Oxşar Xəbərlər

Back to top button