Azərbaycan gəncliyinin inkişafı daim dövlətin diqqət mərkəzindədir

Tarixin bütün dönəmlərində ölkələrin inkişafında gənclərin xüsusi rolu olub. Onlar, bir qayda olaraq, hər bir cəmiyyətin avanqard hissəsini təşkil edirlər. Müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu baxımdan Azərbaycan gənclərinin respublikamızın inkişafına verdikləri töhfələr də hər cür xoş sözə layiqdir. Gənclərimiz dövlətin, şəxsən Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir tərəfdən müasirliyə, elm və təhsilə böyük maraq göstərir, digər tərəfdən, onlar vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərimizə böyük bağlılıq nümayiş etdirirlər. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti son 17 ildə uğurla davam etdirilib
Bu məqamda qeyd edək ki, müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Respublikamızda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Doğma Vətənini çox sevən Ulu Öndərimiz müstəqil respublikamızda gənclər siyasətinin düzgün istiqamətdə aparılmasına böyük diqqət göstərirdi. Təsadüfi deyildir ki, müdrik dövlət xadimi olan Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən respublikamızın siyasi rəhbərliyinə qayıtdıqdan sonra gənclərlə müntəzəm görüşlər keçirir, onlara inandığını, güvəndiyini bildirir və dəyərli tövsiyələrini verirdi. Ulu Öndərlə hər belə görüş gənclər üçün unudulmaz anlara çevrilir, onları milli dəyərlərimizə daha möhkəm tellərlə bağlamaqla yanaşı, təhsilə, innovasiyalara istiqamətləndirirdi. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı – Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 17 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir. Bütün bunlar müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi siyasətinin ardıcıl səciyyə daşıdığını təsdiqləyir. Prezident İlham Əliyev bu günlərdə Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xaricdə təhsil alan gənclərin hesabına ölkəmizin güclü kadr potensialının formalaşmasından məmnunluğunu bildirərək deyib: “Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir”.
Müasir dövrdə Azərbaycanın gənclər siyasətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bir mühüm xəttə xüsusi diqqət yetirmək istərdik. Dövlətimizin başçısı daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün biz internet əsrində yaşayırıq. Məhz internetin sayəsində ayrı-ayrı ölkələrdə yaşayan insanlar arasında əlaqələr intensivləşib. Bu prosesdə gənclərin aktivliyi daha çox hiss olunur. Dünya üzrə insanlar arasında əlaqələrin intensivləşməsinin, fikir mübadiləsi imkanlarının genişlənməsinin, əlbəttə ki, müsbət tərəfləri çoxdur. Ancaq müəyyən qüvvələr internet kimi əvəzolunmaz ünsiyyət vasitəsindən sui-istifadə etməklə müxtəlif dağıdıcı niyyətlərini reallaşdırmağa çalışırlar. Bunun qarşılığında gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik.
Müasir dövr innovasiyalar, texnologiyalar dövrüdür. Azərbaycan da özünün siyasətini müasir dövrün çağırışlarına adekvat qurur. Hazırda respublikamız rabitə və yüksək texnologiyalar sahəsində regionda lider mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanın bu sahəyə böyük həcmlərdə investisiyalar yönəltməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycanın qısa müstəqillik tarixində dünyanın kosmik ailəsinin azsaylı üzvlərinin sırasına daxil olması böyük uğurdur. Respublikamızın orbitə çıxartdığı telekommunikasiya və Yer səthini müşahidə edən peykləri qarşıda duran bütün vəzifələri icra etmək üçün geniş imkanlar yaradır.
Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq. Ölkəmiz milli brendə çevrilən “ASAN xidmət” tipli intellektual məhsulların ixracını genişləndirməyi hədəfləyib. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, – deyə dövlətimizin başçısı vurğulayıb. Qarabağı azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Biz xatırlaya bilərik. Son 17 ildə Prezident İlham Əliyev daim gənclərə xitab edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı qorumağa çağırıb. Digər tərəfdən, dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət göstərməyin nümunəvi modelini təqdim edib. Milli maraqlarımızın qorunması dövlətimizin başçısının fəaliyyətinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev son 17 ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün ardıcıl səylər göstərib, bu məsələdə Ona göstərilən bütün təzyiqləri qətiyyətlə dəf edib. Gənclərimiz də dövlət başçısının fəaliyyətini və çağırışlarını özləri üçün həyat kredosuna çeviriblər.
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi.
Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Qısa müddətdə Ordumuz 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Ertəsi gün daha 70-dən çox yaşayış məntəqəsi, yeni strateji yüksəkliklər düşməndən təmizləndi. Hərbi resurslarının tükəndiyini, ordusunun darmadağın edildiyini dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza qaytardı.
Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə heç nə ilə müqayisə oluna bilməz. Verilən xəbərlərə görə müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb.
Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Bu, Azərbaycan gənclərinin vətənpərvərliyinin təcəssümüdür. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti respublikamızda son 17 ildə formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir.
Uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib. Qarabağı azad etmiş gənc nəsil məhz Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkərək “On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, – deyə bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində gənclərimizin fədakarlığı sayəsində qazanılan şanlı qələbə regional və qlobal miqyasda Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Müharibədən sonra bölgədə yeni reallıqlar formalaşıb. Hazırda regionda yeni konfiqurasiyanın, əməkdaşlıq formatlarının şərtlərini qalib Azərbaycan diktə edir.
Sübhan Ərəbi
YAP-ın fəalı