Analitika

Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı və bu tarix qəhrəmanlıq salnaməsi oldu

27 sentyabr tarixi 3 il öncəyə qədər təqvimin adi günlərindən biri sayılırdı. 3 il öncə, 2020-ci ildə isə bu təqvim xüsusi bir anlam qazandı – işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin, 44 günlük Zəfər yolunun başlanğıcı məhz 2020-ci ilin sentyabırn 27-nə təsadüf etdi. 27 sentyabrdan başlanan yol Azərbaycan xalqının şərəf tarixinə, qürur mənbəyinə çevrildi. Vətənin müdafiəsini, azadlığını təmin etmək yükünü öz çiyinlərinə götürmüş gənc əsgər və zabitlərimiz addım-addım, qarış-qarış irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu bir neçə mərhələli mühəndis-istehkam sistemlərini yarıb keçdilər. 44 gün davam edən müharibədə təxminən 3 min igidimiz şəhidlik zirvəsinə ucaldı. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə ucalırsa, buna görə məhz şəhidlərimizə borcluyuq. Azərbaycan dövləti və cəmiyyəti şəhidlərin xatirəsini daim uca tutur. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi potensialının, maliyyə imkanlarının artırılmasına və bu əsasda torpaqlarımızı işğaldan azad etməyə qadir olan güclü ordu quruculuğuna nail olmağa hesablanmışdı. Aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail oldu. 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, regionda sülhün və təhlükəsizliyin təmini baxımından da böyük əhəmiyyətə malik oldu. Təəssüfləndirici haldır ki, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəlarına, üzərinə götürdüyü öhdəliklərə riayət etməyən Ermənistan Azərbaycan ərazilərindən silahlı birliklərini çıxarmadı. Bu silahlı qruplaşmalar isə zaman-zaman Azərbaycan Ordusuna, hətta dinc insanlara qarşı hərbi təxribatlar törədir, silahlı qarşıdurmalar yaradır, mina təhdidi formalaşdırırdı. Sentyabrın 19-da Xocavənd rayonunda baş verən təxribat nəticəsində 2 mülki şəxs, 4 polis həyatını itirdi. Bunun ardından Azərbaycan Müdafiə Nazirliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə bağlı məlumat yaydı. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı bəyan olundu. Cəmi 24 saat davam edən lokal tədbirlər nəticəsində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub təslim oldular. Beləliklə, dövlət suverenliyimiz tam təmin edildi.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button