
Azərbaycan təkcə zəngin enerji ehtiyatlarına malik ölkə deyil, həm də bu ehtiyatların etibarlı tranzit ölkəsi kimi mühüm rol oynayır. Bu rol xüsusilə Xəzər hövzəsinin enerji resurslarının Avropa və dünya bazarlarına çatdırılmasında əhəmiyyətlidir.Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və Xəzər dənizi regionunu Qərb bazarları ilə birləşdirən əsas körpü rolunu oynayır. Bu mövqe enerji kəmərlərinin keçməsi üçün çox əlverişlidir.
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Tədbirdə çıxış edən Cənab Prezident İlham Əliyev demişdir:”Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.
Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələrinin mərkəzində dayanır. Azərbaycanın tranzit rolu Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kömək edir və enerji təhlükəsizliyini artırır. Enerji layihələri Azərbaycanı Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə sıx iqtisadi və siyasi əməkdaşlığa bağlayır. Azərbaycan həm enerji istehsalçısı, həm də tranzit ölkəsi kimi Xəzər regionunun enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm və etibarlı tərəfdaş hesab olunur.
Ölkənin əlverişli coğrafi mövqeyi və həyata keçirilən iri enerji layihələri Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinə töhfəsini artırır. Bu layihələrdən biri Bakı–Tbilisi–Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Xəzər dənizi hövzəsindən çıxarılan neft dünya bazarlarına nəql olunur. Digər mühüm layihə isə Cənub Qaz Dəhlizidir ki, bu sistem vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə çatdırılır.
Azərbaycanın tranzit ölkə kimi fəaliyyəti yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir. Enerji marşrutlarının şaxələndirilməsi Avropanın enerji təhlükəsizliyinə töhfə verir və region ölkələri arasında əməkdaşlığı möhkəmləndirir.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



