AnalitikaGündəmSiyasət

Azərbaycan Enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır

“Cənub qaz dəhlizi”nin təməli Bakı yaxınlığındakı Səngəçal terminalında 2014-cü il sentyabrın 20- də, “Əsrin müqaviləsi”nin 20 ilinin tam olduğu gün qoyulub. Növbəti ilin əvvəlindən isə ildə bir dəfə Bakıda toplaşan Məşvərət Şurası görülən və görüləcək işlərin müzakirə edildiyi platformaya çevrilib. Bu baxımdan həmin toplantıların “Cənub qaz dəhlizi”nin gerçəkləşməsində müstəsna rolu olub. “Cənub qaz dəhlizi” bir-birinə calanan üç kəməri – genişləndirilmlş CQBK-nı (Cənubi Qafqaz Boru Kəməri), TANAP-ı (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ı (Trans-Adriatik Qaz Boru Kəməri) birləşdirən 3500 kilometrlik ixrac xəttidir. 2018-ci ilin may ayından istifadəyə verilib. Həmin ilin iyun ayından Azərbaycan qazı TANAP-la Türkiyəyə, 2020-ci ilin son günündən isə TAP-la Avropaya çatdırılıb. Hazırda Azərbaycan qazı “Cənub qaz dəhlizi” ilə 8 ölkəyə – Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya nəql edilir. Azərbaycandan qaz ixrac etmək istəyən ölkələrin sayı getdikcə artır. Bir sözlə, Azərbaycan artıq etibarlı tərəfdaş kimi də böyük nüfuz və etibar qazanıb.
Martın 3-də Bakıda öz işinə başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”.
Bununla belə, “köhnə qitə”də təbii qaza ciddi ehtiyac duyulduğu indiki şəraitdə bu siyahının daha da genişlənəcəyi şəksizdir. Bakıda keçirilən mötəbər enerji toplantısında bu vacib məqama toxunan dövlətimizin başçısı istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğunu vurğulayaraq deyib ki, birgə maraqlar və qarşılıqlı fayda prinsipi 10 ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir. Ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu bildirən Prezident İlham Əliyev bildirib ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq istehsal həcmlərinin artacağı gözlənilir ki, bu da mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsinə zərurət yaradır: “Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır… Bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.
Bunun üçün isə ölkəmizin potensial imkanları olduqca genişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından, növbəti illərdə isə “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz”in yeni mərhələsi üzrə hasilata başlanacağı, eləcə də 2-3 il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə start veriləcəyi gözlənilir ki, bu da 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Prezident “Cənub qaz dəhlizi”nin eyni zamanda enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”. Məşvərət Şurasının keçənilki toplantısından bəri “Cənub qaz dəhlizi”nin salnaməsinə yeni uğurlar yazılıb. Belə ki, Azərbaycan qazına artan tələbat qarşıya bir sıra vəzifələr qoyur. Onlardan biri də ixrac infrastrukturunun şaxələndirilməsidir. Ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması göstərdi ki, nəzərdə tutulan işlər uğurla gerçəkləşir. İnterkonnektorun işə salınmasında Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin Avropanın enerji təchizatındakı rolunu, etibarlı tərəfdaş kimi qazandığı hörməti və ümumən Prezidentimizin və dövlətimizin nüfuzunu aydın göstərən daha bir önəmli faktdır. Azərbaycanın enerji siyasətinin növbəti reallığı “yaşıl enerji”nin inkişafı ilə bağlıdır. Ölkəmiz bu sahədə də ön sıralardadır. Artıq bir neçə layihəyə uğurlu start verilib. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin ” Masdar” şirkətilə tikilən “Qaradağ” Günəş-Elektrik Stansiyası müvəffəqiyyətlə istismara daxil olub. Ölkəmizin geniş bir ərazisi – işğaldan azad olunmuş bölgələrimiz Prezident tərəfindən “yaşıl enerji” zonası elan edilib. Bərpaolunan enerji mənbələri ilə zəngin olan Naxçıvan da həmçinin “yaşıl enerji” zonası elan edilib və burada bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Hədəf bərpaolunan enerjinin payını ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəltməkdir. “Yaşıl dünya naminə həmrəylik ili” bu yolda inamlı və uğurlu addımlar atmağa imkan verir. Bir-birinin ardınca həyata keçirilən məqsədyönlü tədbirlər də bunu göstərir.
Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərarının verilməsi özünə önəmli yer aldı. Bərpa olunan enerji, “yaşıl hidrogen”in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Yeni yaradılan şirkət eyni zamanda qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək. “SOCAR Green” MMC-nin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi layihələrinin icrası nəzərdə tutulur. “SOCAR Green” MMC tərəfindən həmçinin “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələri gerçəkləşdiriləcək. Eləcə də bp şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihəsi icra ediləcək. Azərbaycan Avropaya “yaşıl enerji” körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. 2022-ci il dekabrın 17-də imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası qarşıda duran hədəflərdən biridir.
Azərbaycan qazının əsas ixrac marşrutu sayılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi “qoca qitə”nin mühüm enerji müttəfiqinə və bir neçə dövlətlə strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını yeni mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb.

Ayməddin Qasımov,
Xəzər rayonu, 92 №li tam orta
ümumtəhsil məktəbinin müəllimi

Oxşar Xəbərlər

Back to top button