Azərbaycan elekrtik enerjisinin də ixracatçısına çevrilmək yolunda qətiyyətli addımlar atır
Son illər Azərbaycanda generasiya güclərinin artırılması, habelə elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi ilə bağlı yeni layihələrin təməlinin qoyulması əlamətdar hadisəyə çevrilmişdir. Belə ki, ötən ilin yanvarında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının, mart ayında isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunan 230 MVt gücündə “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesinin tərkib hissəsi kimi yeni generasiya gücləri yaradılmaqdadır. Təməli qoyulan yeni layihə Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyədə olmasının, strateji tərəfdaşlığa əsaslanmasının göstəricisidir. Məlum olduğu kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də münasibətləri strateji xarakter daşıyır. Onların sırasında İtaliya ilə münasibətlərin xüsusi yeri var. Ona görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil.Azərbaycanla İtaliya arasındakı yaxın münasibətlər 44 günlük Vətən müharibəsi dövründə də öz təsdiqini tapmışdı. Xatırladaq ki, müharibə günlərində İtaliyada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edilmişdi. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Artıq keçmişdə qalmış Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın 44 günlük Vətən müharibəsi dövründə ortaya qoyduğu mövqe ölkəmizdə yüksək qiymətləndirilmişdir.Müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən İtaliya şirkətləri hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir. “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”, – deyə Prezident İlham Əliyev təməlqoyma mərasimində bildirib.Hər ötən il, hər ötən ay tariximizə yeni uğurlarla həkk olunur. Azərbaycanın müstəqillik dövrünün ən böyük İES-nin təməlinin qoyulması bunu təsdiq edir. Beləliklə, neftin və təbii qazın ardınca Azərbaycan elekrtik enerjisinin də ixracatçısına çevrilmək yolunda qətiyyətli addımlar atır. Bu baxımdan təməli qoyulan yeni istilik elektrik stansiyası Azərbaycanın qlobal enerji bazarlarında iştirakını daha da gücləndirəcək.
Könül İsayeva,
Nizami rayon 312 saylı məktəbin direktor müavini